Ordu.az-ın məlumatına görə, bunu Aİ Şurasının prezidenti Antonio Koşta İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
O, artan geosiyasi risklər fonunda Aİ-nin Cənubi Qafqaz ölkələri ilə daha sıx əməkdaşlığa can atdığını vurğulayıb.
"Hazırkı geosiyasi kontekstdə qitəmizin hərtərəfli, 360 dərəcəli təhlükəsizlik strategiyasına ehtiyacı olduğu getdikcə daha aydın olur", - o bildirib. Koşta əlavə edib ki, Avropanın qonşuluğunda gedən münaqişələr blok ölkələrinin təhlükəsizliyinə, enerji təchizatına və iqtisadiyyatına birbaşa təsir göstərir.
Koşta həmçinin Ukraynaya dəstəyin davam etdiyini təsdiqləyib və Rusiya-Ukrayna münaqişəsinin həllinin Avropa gündəliyinin mərkəzində durduğunu vurğulayıb.
"Aİ Ukraynanın ərazi bütövlüyü çərçivəsində davamlı, ədalətli və möhkəm sülhün əldə edilməsi üçün onu lazım olduğu müddətcə dəstəkləyəcək", - o deyib.
Koşta əlavə edib ki, Aİ Ukraynanın Avropaya inteqrasiyası prosesini, o cümlədən ilk danışıqlar klasterinin açılmasını sürətləndirməlidir.
Ordu.az