Ordu.az xəbər verir ki, bəzi Rusiya KİV-ləri bu tədbirləri Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə kimi qiymətləndirir.
Xüsusilə “Svobodnaya Pressa” nəşri yazır: “İrəvanda hazırda müttəfiqlik münasibətlərinin qalıqlarının yekun və geri dönməz şəkildə sökülməsi baş verir. Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana gəlib”.
“Zelenski İrəvanda: Paşinyandan çox şey əldə etmək olmaz, amma “isti dostlar dairəsində” Qafqaz dağlarından Moskvaya qarşı yumruq yelləmək olar” başlıqlı məqalədə qeyd olunur: “Baş verənlərin sürrealizmi barədə düşünün: hələ də formal olaraq Rusiyanın müttəfiqi olan və nominal olaraq KTMT üzvü sayılan bir ölkənin ərazisinə Qərbin “seçilmiş komandası” toplaşıb.
Kir Starmer, Emmanuel Makron, Ursula fon der Lyayen, Kaya Kallas və Rusiyaya qarşı müharibənin digər tərəfdarları İrəvanda toplaşıblar ki, Rusiya Federasiyasının 102-ci hərbi bazasından cəmi 90 km məsafədə Ukraynaya silahların daha effektiv çatdırılmasını və regiondan Rusiyanı sıxışdırmaq hesabına “sabitlik qurulmasını” müzakirə etsinlər”.
Məqalə müəllifləri qeyd ediblər: “Nikol Paşinyan üçün Brüsseldən “Ermənistan-Avropa İttifaqı” sammiti formasında seçkiöncəsi dəstək almaq son dərəcə vacibdir. Bu tədbir Zelenskinin iştirakı olmasaydı bu qədər “zəhərli” olmazdı, lakin onun iştirakı baş verənlərin mahiyyətini tam dəyişir.
“Ermənistanın gələcəyi” əvəzinə diqqət Ukrayna Silahlı Qüvvələri üçün yeni maliyyə tranşlarının əldə edilməsinə yönələcək. Eyni zamanda erməni seçiciyə xatırlatmaq lazımdır ki, Zelenski yaxın vaxtlara qədər İlham Əliyevə simpatiya göstərir, onun Qəbələdə qəbulunu yüksək qiymətləndirir və Qarabağ məsələsinin həllinə açıq şəkildə heyranlıq ifadə edirdi”.
Məqalədə qeyd olunur ki, Bakı sammitdə iştirakdan imtina edib və bundan bir gün əvvəl ölkə parlamenti Avropa İttifaqı ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib. Bu sənəd məqalədə açıq şəkildə anti-Rusiya və anti-Azərbaycan kimi qiymətləndirilir.
Məqalədə deyilir: “Azərbaycanın mövqeyi ardıcıldır: avropalıların bizə öz iradəsini diktə etməyə haqqı yoxdur. Ermənistan isə gah ora, gah bura yönələrək manevr etməyə çalışır”.
Digər tərəfdən “Moskovski Komsomolets” nəşri Hərbi və siyasi münaqişələrin öyrənilməsi mərkəzinin rəhbəri Andrey Klintseviçin fikirlərinə yer verib: “Bu, rəsmi İrəvanın Avrasiya inteqrasiyası reallıqlarından qəti şəkildə uzaqlaşma kursunu təsdiqləyən növbəti nümayişkaranə addımdır”.
Klintseviç qeyd edib: “Mahiyyət etibarilə “anti-Rusiya klubu” olan Avropa Siyasi Birliyinin sammitini hələ də formal olaraq KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkədə keçirmək ümumi razılaşmalara hörmətsizlikdir”.
Politoloqun fikrincə, Paşinyan təhlükəli siyasətini davam etdirir: “Eyni anda iki stulda oturmağa çalışmaq, Qərblə yaxınlaşmaq və eyni zamanda təhlükəsizlik vektorunu müəyyən etməmək nəticəsiz strategiyadır. Moskvada belə “Avropa toplantılarının” dəyəri yaxşı başa düşülür. Ukrayna liderinin Rusiyanın maraqlarına birbaşa təhdid yaradan məsələlərin müzakirə olunduğu platformaya dəvət edilməsi diqqətdən kənarda qalmayacaq”.
“Gazeta.ru”ya açıqlama verən rus deputat Aleksandr Tolmaçov isə bildirib: “Ermənistan tarixi yol seçimində səhv edərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Bu ölkə özünü Avropanın süfrəsinə “yemək” kimi təqdim etmək riski daşıyır”.
Alpər Mövludoğlu
Ordu.az