Ordu.az xəbər verir ki, bu barədə ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş “NBC News”a müsahibəsində bildirib.
“Görünür, o, həqiqətən administrasiyada işləyən insanlara, yəqin ki, prezidentə də hücum etmək niyyətində olub”, - deyə Blanş bildirib.
O əlavə edib ki, şübhəli, görünür, qatarla Los-Ancelesdən Çikaqoya, oradan isə Vaşinqtona gəlib.
Blanşın sözlərinə görə, bazar ertəsi federal məhkəmədə şübhəli şəxsə federal məmura hücum etmək və federal məmuru öldürmək məqsədilə odlu silahdan istifadə etmək maddələri ilə rəsmi ittiham irəli sürüləcək.
Onun sözlərinə görə, şübhəli bazar günü səhərədək istintaqla əməkdaşlıq etməyib.
Şənbə axşamı Məxfi xidmət agentləri Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyindən prezident Donald Trampı və birinci xanım Melaniya Trampı çıxarıblar. Buna səbəb bir kişinin yaxınlıqdakı təhlükəsizlik əməkdaşlarına atəş açması olub.
Rəsmilərin məlumatına görə, həmin şəxs “Washington Hilton” otelinin nəzarət-keçid məntəqəsində ov tüfəngindən Məxfi xidmət əməkdaşına atəş açıb, bundan sonra yaxalanaraq saxlanılıb.
Sevinc Əliyeva
Ordu.az