İranın xarici işlər naziri ABŞ müdaxiləsi olmadan təhlükəsizlik mexanizmi yaratmağın zəruriliyi barədə bəyan edib

2026/04/1777123576.jpg
Oxunub: 360     16:55     26 Aprel 2026    
Oman Sultanlığının yüksəkvəzifəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq məqsədilə Məsqətə gələn İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu səhər sultan Heysəm bin Tariq Əl Səidlə görüşüb və danışıqlar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Abbas Əraqçinin “Telegram” kanalı məlumat yayıb.

İranın xarici işlər naziri bildirib ki, İrana qarşı 40 günlük məcburi müharibə təcrübəsi ABŞ-nin regiondakı hərbi mövcudluğunun yalnız qeyri-sabitlik və parçalanmaya gətirib çıxardığını göstərib. O qeyd edib ki, regionun bütün ölkələri ABŞ-nin müdaxiləsi olmadan daxili, kollektiv təhlükəsizlik mexanizmi yaratmaq üçün konstruktiv və məsuliyyətli yanaşma işləyib hazırlamalıdırlar.

Xarici işlər naziri diplomatik proseslərə dəstək məsələsində məsuliyyətli mövqeyinə, həmçinin ABŞ və İsrail tərəfindən İrana qarşı məcbur edilmiş müharibə məsələsində nümayiş etdirdiyi müdrik yanaşmaya görə Omana təşəkkür edib və İranın Omanla, eləcə də Fars körfəzinin cənub regionunun digər ölkələri ilə dostluq münasibətlərini qorumaq əzmini vurğulayıb.

Oman sultanı isə öz növbəsində ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi təcavüz zamanı İranın ali lideri ayətullah Seyid Əli Hüseyni Xameneyinin, eləcə də bir sıra yüksəkvəzifəli siyasi və müdafiə rəsmilərinin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

Sultan Omanın regionda sülhə və sabitliyə, o cümlədən diplomatik səyləri dəstəkləməklə, sadiqliyini vurğulayıb və müharibənin tezliklə və qəti şəkildə başa çatacağına, təhlükəsizliyin bərpa olunacağına ümid etdiyini bildirib.

O, həmçinin Omanın bu istiqamətdə hər cür zəruri yardım göstərməyə hazır olduğunu bəyan edib.

Omanın xarici işlər naziri Bədr əl-Busaidinin də iştirak etdiyi görüşdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, Fars körfəzi və Oman dənizi regionunun təhlükəsizliyi, region ölkələrinin iqtisadi əməkdaşlığı, eləcə də Pakistanın vasitəçiliyi ilə müharibənin dayandırılması ətrafında danışıqların inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin