Fransa Prezidenti bildirib ki, Hörmüz boğazının fəaliyyətinin bərpası istiqamətində səylər göstərir

2025/09/1758432834.jpg
Oxunub: 376     20:09     25 Aprel 2026    
Fransa Prezidenti Emmanuel Makron şənbə günü bildirib ki, “TotalEnergies” şirkətinin rəhbərinin İranla müharibənin bir neçə ay davam edəcəyi təqdirdə qlobal enerji çatışmazlığı yaranacağı barədə xəbərdarlığından sonra diqqətini Hörmüz boğazının fəaliyyətinin bərpasına yönəldib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə keçirdiyi mətbuat konfransında Makron bildirib ki, geosiyasi qeyri-müəyyənlik səbəbindən yaranan panika özü də çatışmazlığa səbəb ola bilər.

“Bizim məqsədimiz yaxın günlərdə və həftələrdə beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyətin tam bərpasına nail olmaq, Hörmüz boğazında keçid haqqı olmadan naviqasiya azadlığını təmin etməkdir. Bu halda hər şey tədricən normal məcrasına qayıda bilər”, - deyə Makron bildirib.

“Hamımız eyni gəmidəyik və desək ki, bu bizim seçdiyimiz gəmi deyil, yanılmarıq. Biz geosiyasətin və bir neçə ay əvvəl başlayan bu müharibənin qurbanlarıyıq”, - deyə Makron əlavə edib.

“TotalEnergies” şirkətinin icraçı direktoru Patrik Puyan cümə günü dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə birinin keçdiyi boğazın yenidən açılmasına çağırıb. Gübrə və dərman məhsulları da daxil olmaqla malların əsas dəniz yolu olan boğazda hərəkət İranla ABŞ-İsrail müharibəsi səbəbindən çətinləşib. İran konteyner gəmilərini ələ keçirib, ABŞ isə İran limanlarını blokadaya alıb.

“Əgər bu vəziyyət daha iki və ya üç ay davam etsə, enerji çatışmazlığı ilə üzləşəcəyik. Asiya ölkələri artıq bundan zərər görüb. Planetin neft və qaz ehtiyatlarının 20 faizinin əlçatmaz olmasına ciddi nəticələr olmadan yol vermək mümkün deyil”, - deyə Puyan Paris yaxınlığındakı Şantiyidə keçirilən Dünya Siyasəti Forumunda bildirib.

Ondan artıq ölkə şərait imkan verdiyi zaman boğazda gəmiçiliyin qorunması üçün Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi beynəlxalq missiyaya qoşulmağa hazır olduqlarını bəyan edib. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ona müttəfiqlərin köməyi lazım deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Makron  


Bizi "telegram"da izləyin