Ermənistan Konstitusiya Məhkəməsi seçkilərlə bağlı iş üzrə bir sıra dövlət qurumlarından sənədlər tələb edib

2026/06/1782135576.jpg
Oxunub: 198     17:38     22 İyun 2026    
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı müraciət edən yeddi siyasi qüvvənin şikayətlərinin bir icraat çərçivəsində araşdırılması barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, müraciət edən siyasi qüvvələr Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini təsdiqləyən qərarının etibarsız sayılmasını tələb edirlər.

Ermənistan Konstitusiya Məhkəməsi iş üzrə Mərkəzi Seçki Komissiyasından seçkilərin nəticələrinə dair qəbul edilmiş qərarın, səsvermənin nəticələri üzrə protokolların, məhkəmə qərarlarının, komissiyalara daxil olmuş müraciət və şikayətlərə baxılmasının nəticələri üzrə qəbul edilmiş qərarların, məntəqə seçki komissiyalarının qeydiyyat kitablarında səsvermə günü qeydə alınmış pozuntularla bağlı ərazi seçki komissiyalarının qərarlarının və digər müvafiq sənədlərin təqdim edilməsini tələb edib.

Bundan əlavə, Ermənistan Konstitusiya Məhkəməsi Prokurorluqdan seçkilərlə əlaqədar hüquq pozuntuları barədə daxil olmuş məlumatlarla bağlı görülən tədbirlər, onların gedişi və nəticələri haqqında məlumat təqdim etməyi istəyib. Məhkəmə Departamentindən isə seçkilərlə bağlı qəbul edilmiş məhkəmə aktlarının təqdim olunması tələb edilib.

Məhkəmə həmçinin Ermənistan Antikorrupsiya Komitəsindən onun səlahiyyətləri çərçivəsində araşdırılan və ya araşdırılmış işlərin, eləcə də hazırlanmış materialların ümumi sayı və vəziyyəti barədə arayış istəyib. Eyni tələblər İstintaq Komitəsinə də göndərilib.

Daxili İşlər Nazirliyindən seçkilərlə bağlı qeydə alınmış hüquq pozuntuları və onlarla bağlı görülmüş tədbirlər barədə məlumat təqdim olunması tələb edilib.

Televiziya və Radio Komissiyasından isə seçkiqabağı təşviqat qaydalarına riayət olunması ilə bağlı audiovizual xidmət göstərən qurumlara qarşı başlanmış inzibati icraatlar və onların nəticələri haqqında ümumiləşdirilmiş arayış istənilib.

Digər qərarla Konstitusiya Məhkəməsi “Vətəndaş Müqaviləsi” partiyasının bu prosesdə üçüncü tərəf qismində iştirak etməsinə və 40 dəqiqəyədək çıxış etməsinə icazə verib.

İş üzrə məruzəçi hakim Ermənistan Konstitusiya Məhkəməsinin üzvü Edqar Şatiryandır.

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan Konstitusiya Məhkəməsinin hakimləri Vladimir Vardanyan və Artak Zeynalyan işdə iştirak edən tərəflərə münasibətdə mümkün qərəzlilik səbəbindən baxış prosesində iştirak etməyəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya-Məhkəməsi  


Bizi "telegram"da izləyin