ABŞ Perunun F-16 “Block 70” döyüş təyyarəsi alımını siyasi böhrana baxmayaraq təsdiqləyib

2026/04/1777021373.jpg
Oxunub: 379     13:00     24 Aprel 2026    
ABŞ-nin Perudakı səfiri Berni Navarro Perunun F-16 “Block 70” döyüş təyyarəsi tədarük proqramının ölkədə yaşanan siyasi böhrana baxmayaraq davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri Karlos Dias və xarici işlər naziri Huqo de Zelanın istefaları ilə yaranan qeyri-müəyyənliyə baxmayaraq proqram geri dönməz mərhələyə çatıb.

Navarro 2026-cı il aprelin 22-də verdiyi açıqlamada ümumi dəyəri 3,42 milyard dollar olan proqram çərçivəsində mühüm müqavilə və maliyyələşdirmə addımlarının ictimaiyyətə elan olunmazdan əvvəl tamamlandığını deyib.

Məlumata görə, “Lockheed Martin”ə aprelin 14-də rəsmi bildiriş göndərilib, aprelin 20-də texniki imzalar atılıb və aprelin 22-də Peru 462 milyon dollarlıq ilk ödənişi həyata keçirib.

Qeyd olunub ki, ilk ödəniş ümumi proqramın 13,5 faizinə bərabərdir və bu fakt prosesin artıq geri dönüşü olmayan mərhələyə çatdığını göstərir.

Eyni gün müdafiə naziri Karlos Dias və xarici işlər naziri Huqo de Zelanın istefa verməsi qərarvermə mexanizmində ciddi fikir ayrılıqlarının yaşandığını üzə çıxarıb. Hər iki şəxsin prezident Xose Mariya Balkasarla döyüş təyyarəsi alışı məsələsində anlaşılmazlıq yaşadığı bildirilib.

Prezident Balkasar prosesin növbəti hökumətə saxlanılmalı olduğunu desə də, müqavilələrin imzalanması və ödənişin həyata keçirilməsi tədarük proqramının siyasi müzakirələri aşdığını göstərir. ABŞ tərəfi isə prosesin pozulacağı halda “xoş niyyətli danışıqlar” prinsipinin zədələnə biləcəyi barədə diplomatik xəbərdarlıq edib.

Tədarük proqramının Peru Hərbi Hava Qüvvələrinin inventarında yer alan və xidmət müddətinin sonuna yaxınlaşan “Mirage 2000” və “MiG-29” döyüş təyyarələrini əvəz etməyə yönəldiyi qeyd olunub. Ümumilikdə 24 təyyarəlik donanma planlaşdırılır, ilk mərhələdə isə 12 təyyarədən ibarət paket təhvil veriləcək.

İlk təhvilin 2029-2030-cu illərdə baş tutacağı gözlənilir ki, bu da qısa müddətdə hava qüvvələrində müvəqqəti imkan boşluğu yarada bilər.

F-16 “Block 70”in AN/APG-83 AESA radarı, qabaqcıl radioelektron mübarizə sistemləri və şəbəkə mərkəzli əməliyyat qabiliyyəti ilə seçildiyi vurğulanıb. Platforma uzaq mənzilli hava döyüşü və dəqiq hücum tapşırıqlarında yüksək effektivlik təqdim edir.

Təyyarədə “hava-hava” tapşırıqları üçün AIM-120C-8 AMRAAM və AIM-9X “Block II” raketlərindən, “hava-yer” tapşırıqlarında isə AGM-65 “Maverick” və JDAM idarəolunan bombalardan istifadə edilir. Bundan əlavə, AN/AAQ-28 “Litening” hədəfləmə podu vasitəsilə inkişaf etmiş kəşfiyyat və lazerlə işarələmə qabiliyyəti təmin olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Peru   F-16  


Bizi "telegram"da izləyin