Ordu.az xəbər verir ki, bu barədə “Defence Turk” məlumat yayıb.
Bildirilib ki, sistemlər süni zəka dəstəkli sürü əməliyyatları, avtonom hədəf aşkarlanması və GNSS-dən asılı olmayan naviqasiya qabiliyyətləri ilə diqqət çəkib.
Aprelin 17-də icra olunan nümayiş fəaliyyəti zamanı 5 ədəd K2 kamikadze PUA-sı qısa fasilələrlə havaya qalxaraq fərqli formasiya ilə uçuş həyata keçirib. Uçuş zamanı 10 ədəd SİVRİSİNEK “gəzən sursatı” da sürüyə qoşularaq K2 platformaları ilə inteqrasiya olunmuş şəkildə tapşırıq icra edib.
Əməliyyatı əlavə olaraq “Bayraktar” TB2, “Bayraktar” TB3 və AKINCI platformalarının da havadan izlədiyi qeyd olunub.
Nümayiş çərçivəsində önə çıxan məqamlardan birinin radioelektron mübarizə mühitinə qarşı hazırlanmış həllər olduğu bildirilib. Sistemlərin süni zəka dəstəkli vizual naviqasiya sayəsində GNSS siqnalı olmadan mövqe müəyyənləşdirmə və naviqasiya həyata keçirə bildiyi vurğulanıb.
Platformalar həmçinin “avtonom hədəf aşkarlanması”, “avtomatik hücum” və “sürü daxilində məlumat paylaşımı” kimi qabiliyyətlərini sahədə tətbiqi şəkildə nümayiş etdirib.
Göstəriş zamanı SİVRİSİNEK “gəzən sursatları”ndan ibarət qrup müəyyən edilmiş hədəf koordinatlarına dalış həyata keçirib. Ssenari çərçivəsində sürüdən ayrılan bir K2 kamikadze PUA-sı da yüksək sürətlə hədəf bölgəsinə yönələrək tapşırıq icra edib.
Nümayişin sonunda ümumilikdə 18 PUA-dan ibarət sürü V formasiyasında uçuş həyata keçirərək proqramı tamamlayıb.
“Baykar” tərəfindən hazırlanan SİVRİSİNEK “gəzən sursatı”nın 1000 kilometri aşan mənzilə malik olduğu qeyd olunub. Sistem süni zəka dəstəkli sürü arxitekturası sayəsində hədəf məlumatlarını platformalar arasında anlıq bölüşə bilir.
GNSS siqnalının olmadığı və ya güclü qarışdırmanın mövcud olduğu mühitlərdə fəaliyyət göstərə bilən SİVRİSİNEK-in vizual əsaslı mövqe müəyyənləşdirmə və yüksək avtonomiya imkanları ilə seçildiyi bildirilib.
“K2” kamikadze PUA-sı və SİVRİSİNEK “gəzən sursatı”nın 2026-cı il mayın 5-9-da İstanbulda keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində ilk dəfə ictimaiyyətə təqdim ediləcəyi qeyd olunub.
Sözügedən sistemlərin müasir döyüş meydanında sürü konsepsiyası və avtonom əməliyyat qabiliyyətləri ilə yeni nəsil əməliyyat anlayışına töhfə verməsinin hədəfləndiyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az