Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətin açıqlamasına görə, Avropada yerləşən operator P.180 “Avanti” NX modelindən 2 ədəd sifariş verərək təyyarənin təqdimat müştərisi olub. Müqavilə Almaniyada keçirilən AERO Friedrichshafen 2026 sərgisində elan olunub.
Sifariş edilən 2 “Avanti” NX təyyarəsinin idarəçi biznes-reaktiv konfiqurasiyasında təhvil verilməsi planlaşdırılır. Təyyarələrdə hava təcili yardımı missiyalarına uyğunlaşmaq üçün xərək modulları da yer alacaq.
“Piaggio Aerospace”in baş icraçı direktoru Covanni Tomassini “Avanti” NX təqdimatından qısa müddət sonra satış müqaviləsinin imzalanmasından məmnun olduqlarını bildirib.
Tomassini deyib: “Uzun fasilədən sonra AERO Friedrichshafen sərgisinə qayıtmaq və iki təyyarə üçün müqavilə imzalamaq göstərir ki, “Baykar”ın dəstəyi ilə aviasiya bazarına güclü dönüş etmişik”.
“Avanti” NX P.180 dizaynı əsasında yaradılan “Avanti” ailəsinin ən yeni versiyası kimi hazırlanıb. Yeni modeldə sistemlər, salonun daxili dizaynı, səmərəlilik və etibarlılıq sahələrində mühüm təkmilləşdirmələr aparılıb.
“Piaggio Aerospace” artan tələbat fonunda qarşıdakı illərdə istehsalı mərhələli şəkildə artırmağı planlaşdırır. Şirkət gələcək on il ərzində illik istehsalı 30 təyyarəyə çatdırmağı hədəfləyir.
Bu il həmçinin P.180 modelinin ilk uçuşunun 40-cı ildönümü qeyd olunur. Orijinal aerodinamik dizaynı sayəsində təyyarə həm biznes-jetlər, həm də xüsusi missiyalar üçün yüksək performans təqdim etməyə davam edir. Reaktiv sinif performansını turbovintli səmərəliliklə birləşdirən “Avanti” NX öz sinfində ən aşağı karbon emissiyası göstəricilərindən birinə malik olması ilə də seçilir.
Sifariş edilən iki təyyarənin operatorun mövcud biznes-jet parkına qoşularaq həm yüksək səviyyəli sərnişin daşımalarında, həm də kritik tibbi təxliyə missiyalarında istifadə olunacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az