Qısa müddət sonra ABŞ Prezidenti ikinci paylaşım edib və açıqlayıb ki, o, Livan Prezidentini və İsrailin Baş nazirini Ağ Evə dəvət edəcək. Görünür, bu, Livanla İsrail arasında sülh sazişi yüksək səviyyədə imzalanmağa hazır olanda baş tutacaq.
Zahirdə ABŞ Prezidentinə sanki daha bir müharibəni “dayandırmaq” müəssər olur. Amma əslində İsrail-Livan atəşkəsi İranın ABŞ ilə danışıqlar üçün irəli sürdüyü ilkin şərtlərdən biridir. Yerusəlimdə müxalifət də bunu məhz belə anlayıb və Netanyahunu sərt tənqid edib. Keçmiş Baş nazir Lapidin qiymətləndirməsinə görə, “Netanyahu ordunun uğurlarını siyasi təsdiqə çatdırmağa qadir deyil”, “Bizim ev İsrail” partiyasının lideri Liberman isə əmindir ki, “Hizbullah” sülhdən “yeni hücuma hazırlaşmaq üçün istifadə edəcək”.
“Yediot Ahronot” qəzetinin məlumatına görə, “hökumət üzvləri atəşkəs haqqında xəbəri ABŞ Prezidentinin sosial şəbəkə paylaşımından öyrəndiklərinə, Netanyahu isə səsvermə təşkil etmədiyinə görə ciddi qəzəbləniblər”. Bununla belə, İsrail ordusu Livanın cənubunda artıq tutduğu mövqelərdə qalacaq. Beləliklə, İran İsrailin “Hizbullah”a qarşı hücumlarının on günlük dayandırılmasına nail olub. Həmin müddətdə, ehtimal ki, İran-ABŞ danışıqlarının ikinci mərhələsi keçiriləcək.
Böyük mənada Livanın cənubunda cərəyan edən hadisələr İrana qarşı İsrail-ABŞ müharibəsinin davamıdır. İranın hesablamasına görə, “Hizbullah” İsrailə qarşı ikinci cəbhə aparır. Əgər ABŞ ilə danışıqlarda hər hansı irəliləyiş qeydə alınarsa, o zaman gündəmə “Hizbullah”ın silahsızlaşdırılması, İsrail-Livan sərhədinin silahsızlaşdırılması və nəzarət məsələsi gələcək. Tehran belə bir ssenari ilə hansı şərtlərlə razılaşacaq, bunu təsəvvür etmək çətindir.
Asif Cəfərov
Ordu.az