ABŞ tezliklə Türkiyəyə qarşı S-400 səbəbilə tətbiq olunan sanksiyalar məsələsini həll etmək niyyətindədir

2026/01/1768407242.jpg
Oxunub: 344     16:59     17 Aprel 2026    
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Vaşinqton və Ankara tezliklə Türkiyəyə qarşı Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı tətbiq olunan Amerika sanksiyaları məsələsini tənzimləyəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Siz tezliklə S-400 ilə bağlı vəziyyətin həll olunacağını görəcəksiniz. Mənim rəhbərlərimin baxışına görə, Türkiyənin F-35 qırıcı-bombardmançı proqramına qaytarılması normaldır”, - deyə Qərb KİV-ləri cümə günü Antaliya Diplomatiya Forumunda onun bu sözlərini sitat gətiriblər.

Türkiyə 2017-ci ildə Rusiya ilə S-400-lərin alınması barədə müqavilə imzalayıb, müqavilə isə 2019-cu ildə icra olunub. Əvvəlcə ABŞ və NATO bu qərara qarşı çıxıblar. Vaşinqton xüsusilə qeyd edib ki, S-400 NATO sistemləri ilə uyğun deyil. ABŞ narahatlıq ifadə edib ki, Rusiya S-400 və F-35 qırıcılarının birgə istifadəsi vasitəsilə qırıcıların radar və fəaliyyət məlumatlarına çıxış əldə edə bilər.

ABŞ Türkiyəyə S-400 əvəzinə ABŞ istehsalı olan “Patriot” sistemlərini təklif edib, lakin razılığa gəlmək mümkün olmayıb.

2020-ci ildə ABŞ Türkiyəyə qarşı Rusiyanın S-400-lərini aldığı üçün sanksiyalar tətbiq edib və onu F-35-lərin alınması və istehsalı proqramından çıxarıb. Məhdudlaşdırıcı tədbirlər ABŞ-nin düşmənlərinə sanksiyalar vasitəsilə qarşı durmaq haqqında qanuna (CAATSA) uyğun olaraq tətbiq edilib.

F-35 qadağası ilə yanaşı, sanksiyalara ABŞ texnologiyalarının ixracına qadağa, kreditlərə çıxışın məhdudlaşdırılması, aktivlərin dondurulması və viza məhdudiyyətləri də daxildir. Türkiyə sanksiyaları ədalətsiz hesab edib və öz silahını seçmək hüququnda israr edib.

Ötən ilin noyabrında Türkiyə Vaşinqtonun xahiş etdiyi kimi Rusiyadan alınmış S-400-ləri istismardan çıxarmaq niyyətində olmadığını, lakin onların birgə nəzarət mexanizminin yaradılmasına razı ola biləcəyini bildirmişdi.

“Ötən ilin sentyabrında Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ABŞ Prezidenti Donald Tramp Türkiyənin F-35-ləri alması məsələsinə baxmağa hazır olduğunu qeyd edib, lakin “iş hələlik razılaşmaya çatmayıb”, - deyə “Bloomberg”in mənbələri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin