ABŞ və İran uranın zənginləşdirilməsinə qoyulan qadağanın müddəti ilə bağlı niyə mübahisə edir?

2026/04/1776256370.jpg
Oxunub: 377     16:41     15 Aprel 2026    
ABŞ-nin İrandan 20 il ərzində zənginləşdirməni dayandırmağı istədiyi bildirilir. İran isə yalnız beş ilə razılaşıb. Bunun niyə vacib olduğu burada izah olunur.

ABŞ və İran arasında atəşkəs danışıqlarının bərpası istiqamətində diplomatik səylər davam etdiyi bir vaxtda, Vaşinqton və Tehran eyni zamanda İranın uranın zənginləşdirilməsi ilə bağlı razılaşmanı da müzakirə edirlər.

İranın hazırkı zənginləşdirilmiş uran ehtiyatı və onun daha da zənginləşdirmə qabiliyyəti ABŞ Prezidenti Donald Trampın administrasiyasının Tehrandan yalnız nüvə silahı hazırlamamaq öhdəliyi götürməsini deyil, həm də bu qabiliyyətdən tam imtina etməsini tələb edən uzunmüddətli tələblərinin əsas elementlərindən biri olub.

İndi isə ABŞ mediasının çoxsaylı məlumatlarına görə, İranın nüvə zənginləşdirməsi ilə bağlı konkret fikir ayrılıqları iki ölkə arasında müharibəni dayandırmağa yönəlmiş danışıqlarda əsas maneəyə çevrilib.

ABŞ və İranın yüksək səviyyəli nümayəndə heyətləri Pakistanın İslamabad şəhərində görüşsə də, razılaşma əldə edə bilməyiblər. Pakistan hər iki tərəfi danışıqların ikinci mərhələsinə gətirməyə çalışır.

Pakistanda danışıqların uğursuzluğa düçar olmasına səbəb ABŞ-nin sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsi proqramını 20 il müddətinə dayandırmasını israrla tələb etməsi və Tehranın isə beş ildən artıq müddətə moratoriuma razılaşmaması olub.

Bəs İran və ABŞ uranın zənginləşdirilməsi müddəti ilə bağlı niyə mübahisə edir? Bu, atəşkəs danışıqlarına təsir edəcəkmi?

Bildiklərimiz bunlardır:

Uranın zənginləşdirilməsi nə deməkdir?

Uran təbii olaraq qayalarda, torpaqda və suda rast gəlinən radioaktiv materialdır və zənginləşdirildikdə nüvə reaktorları üçün yanacaq mənbəyi kimi istifadə olunur.

O, üç təbii izotop formasında mövcuddur (nüvələrində eyni sayda proton, lakin fərqli sayda neytron olan kimyəvi elementlər): uran-234 (U-234), uran-235 (U-235) və uran-238 (U-238). U-235 yüksək radioaktivdir, digər izotoplar isə deyil.

Birləşmiş Millətlər Təşkilatının atom enerjisinə nəzarət orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) görə, uranın zənginləşdirilməsi “U-235 izotopunun payının 0,72 faizdən 94 faizə qədər artırılması prosesidir”.

BAEA bildirir ki, əgər U-235 izotopunun payı 20 faizdən aşağı qalırsa, uran aşağı səviyyədə zənginləşdirilmiş hesab olunur. Bu, adətən evlər və sənaye üçün enerji istehsal edən mülki, kommersiya reaktorlarında istifadə olunur. Əgər bu göstərici 20 faizdən yuxarıdırsa, o, yüksək səviyyədə zənginləşdirilmiş hesab olunur.

Silah səviyyəsi hesab olunması üçün zənginləşdirmə 90 faizdən yuxarı olmalıdır.

Zənginləşdirmə prosesinin həyata keçirilməsi üçün uran qaz halında olmalıdır və əksər ölkələr, o cümlədən İran, uranı zənginləşdirmək üçün uran heksaflorid qazını sürətlə fırlanan sentrifuqalara daxil etmə üsulundan istifadə edir. Bu prosesdə daha yüngül olan U-235 daha ağır olan U-238-dən ayrılır.

Daha sonra faydalı olan zənginləşdirilmiş uran-235 nüvə yanacağı kimi istifadə üçün toplanır.

İranın nə qədər zənginləşdirilmiş uranı var?

Hazırda İranın təxminən 440 kiloqram (970 funt) 60 faiz səviyyəsində zənginləşdirilmiş urana malik olduğu ehtimal edilir, bu səviyyədə isə 90 faizlik həddə çatmaq daha sürətli olur və bu da nüvə silahı istehsalı üçün tələb olunur.

BAEA-nın rəhbəri Rafael Qrossi martın əvvəlində “Al Jazeera”ya bildirib ki, bu miqdar nəzəri olaraq 10-dan çox nüvə başlığı istehsal etmək üçün kifayət edə bilər. O əlavə edib ki, 60 faiz səviyyəsində zənginləşdirilmiş uranın təxminən yarısı hələ də İrandakı İsfahan nüvə obyektində yerləşən yeraltı tunel kompleksində ola bilər.

Ehtimal olunur ki, naməlum miqdarda uran Natanz obyektində də saxlanılır. Bu iki yeraltı nüvə obyekti, həmçinin Fordo şəhərində yerləşən üçüncü obyekt, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibə zamanı ABŞ-İsrail hava zərbələri nəticəsində məhv edilib və ya ciddi zərər görüb və hazırkı münaqişə zamanı yenidən hədəf alınıb.

Bu ehtiyatların dağıntılar altında qalıb-qalmadığı və zənginləşdirilmiş uranın hansı vəziyyətdə olduğu isə məlum deyil.

İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı problem nədir?

İran həmişə bəyan edib ki, onun uranın zənginləşdirilməsi proqramı yalnız mülki enerji məqsədləri üçündür. Halbuki o, uranı tələb olunan həddən xeyli artıq səviyyədə zənginləşdirib.

İsrail və ABŞ dəfələrlə İranı nüvə silahı hazırlamaq üçün uranı zənginləşdirməkdə ittiham edib. ABŞ və onun müttəfiqləri, xüsusilə Avropa ölkələri, bu səbəbdən İrana qarşı bir neçə mərhələli sanksiyalar tətbiq ediblər.

2015-ci ildə İran o zamankı ABŞ Prezidenti Barak Obama tərəfindən danışıqlar yolu ilə əldə olunan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlı razılaşmanı dünya gücləri ilə imzalayıb. Bu razılaşmaya əsasən, Tehran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

Lakin 2018-ci ildə Tramp prezidentliyinin ilk dövründə ABŞ-ni bu razılaşmadan çıxarıb, onu “birtərəfli” adlandırıb və İrana qarşı sanksiyaları yenidən tətbiq edib.

Bundan sonra Tramp dəfələrlə bəyan edib ki, İranın nüvə silahı istehsal etmək qabiliyyəti olmamalıdır. Bu, son bir ildə İran rəsmiləri ilə aparılan danışıqlarda Vaşinqtonun əsas tələblərindən biri olub və ötən il 12 günlük müharibə zamanı ABŞ-nin İranın nüvə obyektlərini bombalamasına əsas kimi göstərilib.

Bu həm də ABŞ-nin bu ilin fevralında İranla müharibəyə başlaması üçün irəli sürdüyü səbəblərdən biri olub, baxmayaraq ki, həmin vaxt ölkə ilə uranın zənginləşdirilməsi üzrə aktiv danışıqlar aparılırdı.

Məlumatlara görə, Tramp ABŞ xüsusi təyinatlı qüvvələrinin İrana göndərilərək ölkənin yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməsini də nəzərdən keçirib.

İran rəsmiləri əvvəlki danışıqlarda zənginləşdirmə səviyyəsinin azaldılmasını müzakirə etməyə açıq olduqlarını bildirsələr də, ölkənin nüvə proqramının tamamilə ləğvini qəbul etməyiblər.

İranın uranın zənginləşdirilməsinə qoyulan qadağanın müddəti niyə vacibdir?

ABŞ mediasına görə, Pakistanın paytaxtı İslamabadda keçirilən atəşkəs danışıqları İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları səbəbindən razılaşma olmadan başa çatıb. Vaşinqton 20 illik dayandırma tələb edib, İran isə beş illik variant təklif edib.

Britaniya Kolumbiyası Universitetinin silahsızlanma, qlobal və insan təhlükəsizliyi üzrə professoru MV Ramana “Al Jazeera”ya bildirib ki, İranın uranı nə qədər müddətə zənginləşdirməməsi ilə bağlı müzakirə əsasən bazarlıq prosesidir.

“ABŞ və İran hökumətləri İranın zənginləşdirmə proqramına ciddi siyasi kapital qoyublar. Son illərdə və aylarda mübahisə Trampın İranın bu proqramdan tam imtina etməsini istəməsi, İranın isə bunu qəti şəkildə rədd etməsi üzərində qurulub.

İndi isə tərəflər bu mövqedən bir qədər geri çəkilərək bir-birinə daha yaxın mövqelər formalaşdırmağa çalışırlar. Bundan başqa, nə 20 il, nə də beş il üçün texniki əsas görmürəm”, - deyə o qeyd edib.

JCPOA çərçivəsində İran 15 il müddətinə U-235 zənginləşdirmə səviyyəsini 3,67 faizlə məhdudlaşdırmağa razılaşıb, bu, Buşehr kimi mülki nüvə stansiyalarını işlətmək üçün kifayət edir, lakin silah istehsalı üçün tələb olunan səviyyədən xeyli aşağıdır. O həmçinin 10 il ərzində yeni sentrifuqalar qurmamağa və mövcud sentrifuqaların sayını azaltmağa razılaşıb. Zənginləşdirməyə yalnız Natanz obyektində icazə verilib və bu da 3,67 faizlə məhdudlaşdırılıb. İranın zənginləşdirilmiş uran ehtiyatı isə 300 kiloqramdan (660 funt) aşağı saxlanılmalı idi.

Tramp JCPOA-dan birtərəfli qaydada çıxdığı zaman İran BAEA və ABŞ kəşfiyyat orqanlarının məlumatına görə öhdəliklərinə tam əməl edirdi.

“Səkkiz il sonra JCPOA-nın şərtləri İranın zənginləşdirmə proqramını hansı müddətə məhdudlaşdıracağı ilə bağlı mübahisələrə qismən səbəb ola bilər”, - deyə ABŞ-nin Alman Marşall Fondunun əməkdaşı İan Lesser bildirib.

“Onun [Trampın] və digər tənqidçilərin fikrincə, 10 illik müddət çox qısa idi. Buna görə də tərəflərin öz baxışlarına uyğun olaraq “daha yaxşı razılaşma”təqdim etməyə çalışması təəccüblü deyil”, - deyə o qeyd edib.

Başqa sözlə, İran 10 ildən az müddətə, ABŞ isə on ildən çox müddətə razılaşma əldə etmək istəyir.

Həftəsonu atəşkəs danışıqlarının ilk mərhələsi razılaşma olmadan başa çatdıqdan sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ölkəsinin nümayəndə heyətinə rəhbərlik edən şəxs jurnalistlərə bildirib ki, “top İranın meydanındadır”.

“İranlıların nüvə silahı əldə etməyəcəklərini deməsi bir məsələdir. Bunun baş verməyəcəyini təmin edəcək mexanizmin yaradılması isə başqa məsələdir”, - deyə o bildirib.

York Universitetinin siyasi elmlər üzrə mütəxəssisi Kris Fizerstoun “Al Jazeera”ya bildirib ki, İranın danışıqlarda ABŞ-yə mümkün qədər az güzəşt etmək istəyi başa düşüləndir.

“ABŞ üçün isə əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Buna görə də onlar İranın mümkün qədər uzun müddət uranı zənginləşdirməməsinə nail olmaq istəyirlər. Əhəmiyyətli məqam ondan ibarətdir ki, İran nə qədər uzun müddət zənginləşdirmə aparmasa, bu prosesi yenidən başlatmaq bir o qədər çətin olacaq”, - deyə o izah edib.

O əlavə edib ki, Tramp üçün bu, həm də müharibədə uğur qazandığını sübut etmək məsələsidir.

“İranın mümkün qədər uzun müddət uranı zənginləşdirməməyə razılaşması “uğur” kimi təqdim oluna bilər. Və o, bu müharibə nəticəsində nəyəsə nail olduğunu göstərə bilər”, - deyə Fizerstoun bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin