DESAN Malayziya üçün inşa etdiyi ikinci sahil mühafizə gəmisini tərtib meydançasına çıxarıb

2026/06/1782501553.jpg
Oxunub: 216     23:10     26 İyun 2026    
Malayziya Sahil Mühafizəsinin tarixində ən böyük platforma olacaq MPMS 2 Çoxməqsədli Sahil Mühafizə Gəmisinin tərtib meydançasına çıxarılması mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, Türkiyənin DESAN gəmiqayırma zavodu tərəfindən Malayziya Sahil Mühafizə Komandanlığı (MMEA) üçün inşa edilən ikinci MPMS 2 gəmisinin tərtib meydançasına çıxarılması mərasimi iyunun 25-də baş tutub.

Fevralın 11-də təməlqoyma mərasimi həyata keçirilən gəmi bu mərasimlə əsas konstruksiyasının formalaşdırılacağı montaj mərhələsinə keçib.

DESAN tərkibində fəaliyyət göstərən ATLAS gəmiqayırma zavodunda həyata keçirilən layihənin mərasimində hərbi və diplomatik nümayəndələr iştirak ediblər.

Tədbirdə DESAN rəhbərliyi ilə yanaşı, Malayziyanın İstanbuldakı baş konsulu Əhməd Amiri Abu Bakar, Malayziya Daxili İşlər Nazirliyinin nümayəndəsi Şah Rizan bin Məhəmməd Sirat və Sahil Mühafizə Komandanlığının nümayəndəsi kontr-admiral Zulinda binti Ramli də iştirak ediblər.

DESAN İdarə Heyətinin sədri Cenk İsmayıl Kaptanoğlu bildirib ki, şirkətin əsas prioriteti milli və beynəlxalq layihələri vaxtında, büdcə çərçivəsində və ən yüksək keyfiyyətlə təhvil verməkdir.

Onun sözlərinə görə, hər iki gəminin inşası planlaşdırılmış qrafiki qabaqlayır.

“Bu uğur DESAN kollektivi, tərəfdaşlarımız və layihədə iştirak edən bütün qurumların fədakar əməyinin nəticəsidir. Layihə Türkiyə ilə Malayziya arasında müdafiə sənayesi, texnologiya transferi, kadr hazırlığı və davamlı sənaye əməkdaşlığını əhatə edən uzunmüddətli strateji tərəfdaşlığın konkret nümunəsidir”, - deyə Kaptanoğlu vurğulayıb.

Uzunluğu 99 metr olacaq MPMS tamamlandıqdan sonra Malayziya Sahil Mühafizə Komandanlığının inventarındakı ən böyük platformaya çevriləcək.

11 tonluq helikopter meydançasına malik gəmi açıq dənizdə sərhədlərarası cinayətkarlıq, qaçaqmalçılıq və qanunsuz balıqçılıqla mübarizə kimi vəzifələri yerinə yetirəcək.

Platformanın tərkibində dörd ədəd sürətli müdaxilə qayığı, iki ədəd şaquli qalxma-enmə (VTOL) qabiliyyətinə malik pilotsuz uçuş aparatı və bir ədəd insansız suüstü platforma (USV) yerləşdiriləcək.

Gəmi 70 nəfərlik heyət və 30 sərnişin daşımaq imkanına malik olmaqla yanaşı, müasir tibb məntəqəsi və 45 nəfərlik saxlama bölməsi ilə də təchiz ediləcək.

Layihənin elektronika və silah sistemləri Türkiyənin ASELSAN və HAVELSAN şirkətləri tərəfindən hazırlanacaq.

İlk gəmidə olduğu kimi, ikinci platformada da bütün silah sistemləri, elektron alt sistemlər və rabitə şəbəkələri ASELSAN və HAVELSAN-ın hazırladığı qabaqcıl texnologiyalarla inteqrasiya ediləcək.

DESAN yüksək yerlilik səviyyəsinə malik ikinci MPMS platformasını 24 ay ərzində tamamlayaraq 2027-ci ilin sonunadək Malayziya Sahil Mühafizə Komandanlığına təhvil verməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DESAN   Malayziya  


Bizi "telegram"da izləyin