Nikolas Maduronun cəsarətli hərbi yolla ələ keçirilməsindən əvvəl prezident Donald Tramp Venesuela iqtisadiyyatını diz çökdürmüş, ölkənin neft gəlirlərini boğan dəniz blokadası tətbiq etmişdi.
Əgər İran şənbə günü ABŞ-nin təqdim etdiyi son razılaşmanı qəbul etməkdən imtina etsə, Tramp vəd etdiyi kimi Tehrana “Daş dövrünə qaytaracaq” zərbələr endirə bilər. Və ya o, artıq zəifləyən İran iqtisadiyyatını boğmaq və Çinlə Hindistana təzyiqi artırmaq üçün onları əsas neft mənbələrindən birindən məhrum etməklə uğurlu blokada strategiyasını yenidən tətbiq edə bilər.
İronik olaraq, Venesuelaya qarşı blokadaya rəhbərlik edən nəhəng USS “Gerald Ford” aviadaşıyıcısı qısa təmir və heyətin istirahət fasiləsindən sonra hazırda Fars körfəzindədir. İndi o, USS “Abraham Lincoln” və digər iri dəniz qüvvələrinə qoşulub.
Qısaca desək, ekspertlərin fikrincə, Tramp sadəcə İranın Hörmüz boğazı üzərində nəzarətini blokada ilə üstələyə bilər.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda boğazdan nə keçib-keçmədiyini tam nəzarət altına alması çox asan olardı”, - deyə “Lexington” İnstitutunun milli təhlükəsizlik üzrə eksperti Rebekka Qrant “Just the News”a bildirib.
“Eşitmişəm ki, son 24 saatda təxminən 10 gəmi hərəkət edib. Onlardan biri bayrağı dəyişdirilmiş Rusiya tankeridir və bilirik ki, yüklər Çin və Hindistana göndərilib, həmçinin daxil olan yüklər də var. Əgər İran güzəştə getməsə, ABŞ Hərbi Dəniz Qüvvələri asanlıqla geniş dəniz müşahidəsi quraraq boğazdan keçən hər şeyi izləyə bilər və Xarq adasından və ya Oman yaxınlığındakı dar hissədən keçmək istəyənlər ABŞ Hərbi Dəniz Qüvvələrindən icazə almalı olar”, - deyə o qeyd edib.
Uzunmüddətli sülh danışıqlarından sonra vitse-prezident Cey Di Vens şənbə gecəsi Pakistanı İranla razılaşma əldə olunmadan tərk edib və ABŞ-nin Tehrana “son və ən yaxşı təklifini” təqdim etdiyini bildirib.
Vens mətbuat konfransında deyib ki, amerikalı rəsmilər 21 saat ərzində xoş niyyətlə danışıqlar aparıblar və indi qərar İranın son şərtləri qəbul edib-etməməsindən asılıdır.
“Biz buradan çox sadə bir təkliflə ayrılırıq, bu, bizim son və ən yaxşı təklifimizdir. İranlıların bunu qəbul edib-etməyəcəyini görəcəyik”, - deyə Vens bildirib.
ABŞ-nin təqdim etdiyi təklifin detalları dərhal açıqlanmayıb.
Lakin Vens aydın şəkildə bildirib ki, İran hələ də Trampın “əsas məqsədi”ni, nüvə silahlarının hazırlanmasından imtina etməyi qəbul etməyib.
“Biz bunu hələ görməmişik”, - deyə Vens bildirib.
Müvəqqəti atəşkəsin vaxtı tükənərkən Tramp administrasiyası İran son təklifi qəbul etmədiyi halda bir neçə variant hazırlayıb.
Dəniz blokadası ideyası ilk dəfə ötən həftə ölkənin aparıcı hərbi strateqlərindən biri olan istefada olan general Cek Kin tərəfindən irəli sürülüb.
“Əgər müharibə yenidən başlasa və İranın qalan hərbi imkanlarını kifayət qədər zəiflətsək, ABŞ ordusu Xarq adasını ələ keçirməyi və ya onu məhv etməyi seçə bilər. Alternativ olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri blokada quraraq Tehranın ixrac damarını bağlaya bilər”, - deyə Kin “New York Post” qəzetində yazıb.
O, həmçinin qeyd edib: “Əgər biz Xarqın infrastrukturunu qoruyub saxlayaraq fiziki nəzarəti ələ keçirsək, İranın nefti və iqtisadiyyatı üzərində tam nəzarət əldə etmiş olarıq. Bu, onun “nüvə tozu”nu, yəni zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək və zənginləşdirmə obyektlərini məhv etmək üçün bizə lazım olan əsas rıçaqdır”.
Sevinc Əliyeva
Ordu.az