Macarıstan xarici siyasət korpusunu yeniləmək üçün 37 diplomatik nümayəndəliyin rəhbərini geri çağırıb

2026/06/1782533537.jpg
Oxunub: 207     08:16     27 İyun 2026    
Macarıstanın xarici işlər naziri Anita Orban diplomatik korpusun genişmiqyaslı yenilənməsi çərçivəsində ölkənin 37 diplomatik nümayəndəliyinin rəhbərinin geri çağırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində yayımladığı videomüraciətdə bildirib.

Nazirin sözlərinə görə, qərarların bir hissəsi diplomatların səlahiyyət müddətinin başa çatması ilə bağlıdır. Lakin bir sıra hallarda söhbət xarici siyasətə yeni yanaşmanın formalaşdırılmasından gedir. O vurğulayıb ki, Macarıstanın yenilənmiş prioritetlərə uyğun olaraq ölkənin maraqlarını səmərəli və nüfuzlu şəkildə təmsil edə biləcək səfirlərə ehtiyacı var.

Orban bildirib ki, kadr dəyişiklikləri diplomatik xidmətin peşəkar şəkildə yenilənməsini nəzərdə tutan daha geniş prosesin tərkib hissəsidir. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyində kadr strategiyası və diplomatların hazırlanması ilə məşğul olacaq yeni dövlət katibliyi yaradılıb.

Bununla yanaşı, nazir dəyişikliklərin konkret hansı ölkələrdəki diplomatik nümayəndəliklərə aid olduğunu açıqlamayıb. “Telex”in məlumatına görə, söhbət ABŞ-də, Böyük Britaniyada, İtaliyada, İraqda, Kolumbiyada, Əlcəzairdə, Cənubi Afrika Respublikasında və Yeni Zelandiyada fəaliyyət göstərən səfirlərdən gedə bilər. Bildirilir ki, Macarıstanın Kolumbiyadakı diplomatik nümayəndəliyinə sabiq baş nazir Viktor Orbanın qohumu Jofiya Vitezi rəhbərlik edir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, qərarın icra mexanizmi hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, səfirlərin geri çağırılması formal olaraq ölkə prezidentinin səlahiyyətlərinə daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Diplomatik-nümayəndəlik  


Bizi "telegram"da izləyin