“Yak-130M” ilk uçuşunu uğurla başa vurub

2026/06/Ekran-1782544291.jpg
Oxunub: 245     11:09     27 İyun 2026    
Rusiyanın dövlət şirkəti “Rostec”in tərkibində fəaliyyət göstərən Birləşmiş Aviasiya Korporasiyası (UAC) “Yak-130M” prototip təyyarəsinin ilk uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, “Rostec”in yaydığı məlumata əsasən, “Yak-130M” prototipi ilk uçuşunu uğurla yerinə yetirib.

İrkutsk Aviasiya Zavodunda icra olunan uçuş 1-ci sinif sınaq pilotu Aleksandr Quskov və baş sınaq pilotu Andrey Voropayevdən ibarət ekipaj tərəfindən həyata keçirilib.

Təxminən 50 dəqiqə davam edən uçuş zamanı təyyarə 2 min metr hündürlüyə qalxıb və saatda 600 kilometr sürətə çatıb. Bildirilib ki, bütün uçuş tapşırıqları uğurla yerinə yetirilib və təyyarənin sistemlərində heç bir nasazlıq qeydə alınmayıb.

Şirkətin uçuşla bağlı açıqlamasında bildirilib ki, zahiri görünüşünə görə tanış Yak-130-u xatırlatsa da, təyyarə müasir tələblər, real döyüş təcrübəsi və döyüş təyyarələrinin inkişaf perspektivləri nəzərə alınaraq tam şəkildə modernləşdirilib. Təyyarə qabaqcıl uçuş sistemləri, müasir radar, “hava-hava” raketləri və “hava-yer” raketləri də daxil olmaqla geniş silahlanma kompleksi ilə təchiz edilib.

Açıqlamada vurğulanıb ki, artıq “iki funksiyanı bir platformada birləşdirən” bu təyyarə təkcə təlim təyyarəsi deyil, həm də əvvəlki versiyasının imkanlarını əhəmiyyətli dərəcədə üstələyən tamhüquqlu yüngül qırıcıdır.

“Yak-130M” prototipi ilk dəfə 2025-ci il noyabrın keçirilən “Dubai Airshow 2025” sərgisində UAC və “Rosoboronexport” tərəfindən təqdim olunub. Yeni model mövcud Yak-130 istifadəçiləri və öz hərbi hava qüvvələrinin parkını yeniləməyi planlaşdıran yeni müştərilər tərəfindən böyük maraqla izlənilir.

Bundan başqa, Rostec ötən ilin oktyabrında “Yak-130M” təlim və yüngül hücum təyyarəsinin ikinci prototipinin hazır olduğunu açıqlayıb. İkinci prototip yerüstü və uçuş sınaqlarına hazırlanarkən, üçüncü təyyarənin yığılması da sürətlə davam etdirilir. Modernləşdirmə proqramının əsas məqsədi təyyarənin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdır.

UAC-nin məlumatına görə, “Yak-130M” eksperimental layihə çərçivəsində hazırlanıb və məqsəd mövcud “Yak-130” platformasının döyüş potensialını maksimum artırmaqla yanaşı, onun bütün təlim funksiyalarını qoruyub saxlamaqdır. “Rostec” rəsmiləri bildiriblər ki, həyata keçirilən modernləşdirmə proqramı “Yak-130”u həm qabaqcıl uçuş hazırlığı, həm də yüngül döyüş əməliyyatlarını yerinə yetirə bilən ikili təyinatlı platformaya çevirəcək.

Şirkət həmçinin qeyd edib ki, “Yak-130M” müasir münaqişələrdə getdikcə daha çox əhəmiyyət qazanan pilotsuz uçuş aparatlarının qarşısının alınması kimi tapşırıqları da yerinə yetirə biləcək. Eyni zamanda “Yak-130” bazasında hazırlanmış yeni versiya dördüncü və beşinci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçün yararlı olaraq qalır və daha yüksək əməliyyat çevikliyi təmin etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yak-130M   Rusiya   Təyyarə  


Bizi "telegram"da izləyin