ABŞ 1850 kilometr mənzilli yeni “hava-hava” raketi hazırlamaq istəyir

2026/06/Ekran-1782535320.jpg
Oxunub: 257     08:40     27 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri yeni ultra uzaqmənzilli “hava-hava” raketinin hazırlanmasına dair tələbləri müdafiə sənayesi şirkətlərinə təqdim etmək üçün qapalı toplantı keçirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Məlumata görə, yeni nəsil silahın əsas xüsusiyyəti ən azı 1850 kilometr mənzilə malik olması olacaq. Raket rəsmi olaraq “Air Force Long Range Weapon” (AFLRW) adlandırılıb.

İki gün davam edəcək məxfi tədbir ABŞ Hərbi Hava Qüvvələrinin Həyat Dövrünün İdarəetmə Mərkəzinin Silahlar Direktorluğu tərəfindən təşkil olunur. Müdafiə sənayesi nümayəndələri ilə görüşün avqustun 25-26-da Florida ştatındakı Eqlin Hərbi Hava Qüvvələri bazasında keçirilməsi planlaşdırılır.

Hərbi rəhbərlik həm “hava-hava”, həm də vahid “hava-yer” versiyalarının hazırlanması üçün bir neçə podratçını layihəyə cəlb etməyi planlaşdırır.

Yeni raketin əsas vəzifəsi düşmən ərazisinin dərinliklərində yerləşən yüksək prioritetli hava hədəflərini məhv etmək olacaq. Bunlara əsasən uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri, havada yanacaq dolduran təyyarələr və radioelektron mübarizə təyyarələri daxildir.

1850 kilometrdən artıq mənzilə malik silaha ehtiyac ABŞ ilə Çin arasında Sakit okean regionunda baş verə biləcək mümkün qarşıdurma ssenarisi ilə əlaqələndirilir. Çin hazırda uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri və ABŞ aviasiyasını döyüş zonasından uzaqlaşdırmağa imkan verən uzaqmənzilli raketlər parkını fəal şəkildə inkişaf etdirir.

ABŞ Müharibə Nazirliyi bildirib ki, AFLRW raketi modul komponentlər və açıq arxitekturalı sistemlər əsasında hazırlanmalıdır. Tam funksional məhsulun yaradılması üçün hərbi rəhbərlik müxtəlif texnoloji elementləri birləşdirəcək baş inteqrator seçməyi planlaşdırır.

Böyük ölçülərə malik olacağı ehtimal edilən bu raketlərin gələcəkdə B-21 “Raider” yeni nəsil strateji bombardmançılarının silahlanmasına daxil ediləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raket  


Bizi "telegram"da izləyin