Türkiyə və Kanada NATO sammiti öncəsi strateji tərəfdaşlığı genişləndirməyi hədəfləyir

2026/06/1782545436.jpg
Oxunub: 264     11:24     27 İyun 2026    
Türkiyə və Kanada ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istiqamətində fəaliyyətlərini davam etdirir.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anand ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında bildirib.

Hakan Fidan qeyd edib ki, NATO üzrə müttəfiq olan iki ölkə arasında ticarət, müdafiə, enerji və diplomatiya sahələrində uzun illərdir tam istifadə olunmayan böyük əməkdaşlıq potensialı mövcuddur.

Nazirin sözlərinə görə, Türkiyə və Kanada mühüm NATO müttəfiqləri olsalar da, ikitərəfli əməkdaşlığı arzu olunan səviyyəyə çatdıra bilməyiblər.

Fidan bildirib ki, Kanada Baş naziri Mark Karni, xarici işlər naziri Anita Anand və müdafiə naziri Devid MakGinti iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcəklər. O əlavə edib ki, Mark Karninin yaxın vaxtlarda Türkiyəyə ayrıca səfəri də gözlənilir.

Nazir vurğulayıb ki, Ankara sammiti tarixi əhəmiyyət daşıyacaq və NATO üzvlərinin qəbul edəcəyi qərarlar həm alyansın, həm də regionun gələcəyi baxımından mühüm rol oynayacaq.

Anita Anand isə bildirib ki, sammit müdafiə sənayesi, təchizat zəncirləri və NATO müttəfiqləri arasında qarşılıqlı uyğunluğun gücləndirilməsi baxımından böyük maraq doğurur.

Nazirlər ikitərəfli münasibətlərin dörd əsas istiqamətini - ticarət və investisiyalar, enerji və kritik minerallar, müdafiə və təhlükəsizlik, eləcə də xalqlar arasında əlaqələri müzakirə ediblər.

Hakan Fidan Türkiyə ilə Kanada arasında Azad Ticarət Sazişi üzrə ilkin danışıqların başladığını və tərəflərin prosesi irəli aparmaq niyyətində olduqlarını bildirib.

Anita Anand qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4,3 milyard dollara çatıb və Azad Ticarət Sazişi hər iki iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.

Tərəflər Ontario əyalətində yerləşən Darlinqton Atom Elektrik Stansiyasına səfərdən sonra enerji sahəsində əməkdaşlığı da müzakirə ediblər. Hakan Fidan bildirib ki, Türkiyə Kanadanın ənənəvi nüvə energetikası və kiçik modul reaktorları sahəsindəki imkanlarını diqqətlə öyrənir.

Anita Anand Kanadanın nüvə texnologiyaları, enerji təhlükəsizliyi və təmiz enerji sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Nazirlər həmçinin kritik minerallar, mayeləşdirilmiş təbii qaz və müdafiə sənayesi layihələri üzrə əməkdaşlığı müzakirə ediblər.

Regional məsələlərə toxunan Hakan Fidan ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışladıqlarını, diplomatik səylərə dəstək verməyə davam edəcəklərini və Hörmüz boğazında gəmiçiliyin fasiləsiz təmin edilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin Türkiyənin Qəzzadakı vəziyyəti diqqətdən kənarda qoymadığını bildirərək İsraili humanitar yardımların çatdırılmasına mane olmaqda ittiham edib.

Hakan Fidan əlavə edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına yenidən ev sahibliyi etməyə hazırdır və münaqişənin beynəlxalq hüquqa uyğun şəkildə dialoq yolu ilə başa çatmasını dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kanada   NATO  


Bizi "telegram"da izləyin