Ankara NATO Zirvəsində on milyardlarla dollarlıq müdafiə müqavilələri imzalanacaq

2026/06/1782502041.jpg
Oxunub: 232     23:23     26 İyun 2026    
NATO-nun Baş katibi Mark Rütte bildirib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsində on milyardlarla dollar dəyərində yeni müdafiə sənayesi müqavilələri açıqlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mark Rütte Vaşinqtonda Atlantik Şurasında çıxışı zamanı bildirib ki, Ankara Zirvəsi yalnız siyasi mesajlarla yadda qalmayacaq, eyni zamanda müdafiə sənayesi baxımından mühüm kommersiya razılaşmalarına da ev sahibliyi edəcək.

Onun sözlərinə görə, zirvə çərçivəsində elan ediləcək yeni müqavilələr həm NATO-nun təhlükəsizliyini gücləndirəcək, həm də Atlantik okeanının hər iki sahilində yüz minlərlə yeni iş yerinin yaradılmasına töhfə verəcək.

Rütte vurğulayıb ki, NATO üçün artıq yalnız müdafiə xərclərinin artırılması kifayət deyil. Artan tələbatı ödəyə biləcək istehsal gücünün formalaşdırılması da zəruridir. Baş katib çıxışında Türkiyəyə xüsusi yer ayıraraq xatırladıb ki, bu ilin yazında Türkiyəyə səfəri zamanı ASELSAN-da gənc mühəndislərlə görüşüb.

O bildirib ki, ASELSAN Türkiyənin müdafiə sənayesində baş verən transformasiyaya liderlik edir və bu inkişaf NATO-nun bütün üzvləri üçün böyük əhəmiyyət daşıyır.

Rütte əlavə edib ki, hazırda Türkiyə üzrə NATO ekosisteminin tərkibində fəaliyyət göstərən təxminən 3 min müdafiə sənayesi şirkəti mövcuddur. O, Ankara Zirvəsi çərçivəsində genişmiqyaslı müdafiə sənayesi tədbirinin də keçiriləcəyini açıqlayıb.

Baş katib qeyd edib ki, müdafiə istehsalı Kaliforniyadan Türkiyəyədək uzanan vahid sənaye şəbəkəsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Avropadakı parçalanmış müdafiə sənayesi strukturunun daha koordinasiyalı hala gətirilməsi, bürokratik maneələrin azaldılması və innovasiyanın sürətləndirilməsi əsas prioritetlər sırasındadır.

Mark Rütte həmçinin NATO ölkələrinin müdafiə büdcələrinin son illərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. O xatırladıb ki, ötən il Haaqada qəbul edilən qərara əsasən, müttəfiq ölkələr 2035-ci ilədək ümumi daxili məhsullarının 5 faizini müdafiəyə ayırmağı hədəfləyiblər.

Baş katib bildirib ki, Estoniya, Latviya, Litva və Polşa artıq bu göstəricini keçib, Almaniya isə 2029-cu ilədək müdafiə xərclərini iki dəfə artırmağa hazırlaşır.

Rüttenin sözlərinə görə, Avropalı müttəfiqlər və Kanada 2016-2026-cı illər ərzində müdafiəyə əlavə 1,2 trilyon ABŞ dolları ayırıb. Təkcə 2025-ci ildə müdafiə investisiyaları təxminən 20 faiz artıb.

O bu prosesi “NATO 3.0” adlandıraraq alyansın yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   NATO   Zirvə  


Bizi "telegram"da izləyin