“Raytheon” AIM-9X “Block II” raketləri üçün 1,1 milyard dollarlıq müqavilə əldə edib

2026/06/1782540654.jpg
Oxunub: 213     10:08     27 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri “Raytheon” şirkəti ilə AIM-9X “Block II” qısamənzilli “hava-hava” raketlərinin istehsalı üçün 1,1 milyard dollar dəyərində yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Müqavilənin məqsədi ABŞ Silahlı Qüvvələrinin silahlanmasını gücləndirmək və müttəfiq ölkələrdən artan tələbatı qarşılamaqdır. Razılaşmaya əsasən, “Raytheon” AIM-9X “Block II” raketləri, onlarla əlaqəli avadanlıqlar və proqram təminatını istehsal edəcək.

İstehsal olunacaq sistemlər həm ABŞ ordusuna, həm də Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində müttəfiq ölkələrə təhvil veriləcək. “Raytheon”un Dəniz Sistemləri bölməsinin prezidenti Barbara Borqonovi bildirib ki, şirkət istehsal proseslərini sürətləndirib, çatdırılma müddətlərini qısaldıb və artan tələbatı qarşılamaq üçün AIM-9X raketlərinin istehsal həcmini artırıb.

Onun sözlərinə görə, yeni müqavilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlığın davam etdirilməsinə və döyüş şəraitində özünü doğrultmuş bu imkanların həm ABŞ, həm də müttəfiq qüvvələrə təqdim olunmasına şərait yaradır. “Raytheon” artan sifarişləri qarşılamaq məqsədilə AIM-9X raketlərinin illik istehsal gücünü 2500 ədədə çatdırdığını açıqlayıb.

Yeni müqavilə çərçivəsində istehsalın böyük hissəsi şirkətin Arizona ştatının Tukson şəhərində yerləşən müəssisəsində həyata keçiriləcək. “Raytheon” tərəfindən hazırlanan AIM-9X “Block II” infraqırmızı tuşlamaya malik qısamənzilli “hava-hava” raketinin ən müasir versiyalarından biri hesab olunur.

Raket müasir döyüş təyyarələri ilə yanaşı, NASAMS kimi quru əsaslı hava hücumundan müdafiə sistemlərində də istifadə edilə bilir. Şirkətin məlumatına görə, AIM-9X ABŞ ilə yanaşı 35-dən çox müttəfiq və tərəfdaş ölkənin silahlanmasındadır və müxtəlif əməliyyat bölgələrində döyüş təcrübəsinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   AIM-9X   Block-II  


Bizi "telegram"da izləyin