ABŞ Polşaya yeni M1A2 “SEPv3 Abrams” tanklarını təhvil verib

2026/06/1782540317.jpg
Oxunub: 267     10:02     27 İyun 2026    
ABŞ 250 ədədlik müqavilə çərçivəsində Polşaya növbəti M1A2 “SEPv3 Abrams” əsas döyüş tankları partiyasını təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, iyun ayında ümumilikdə 36 ədəd M1A2 “SEPv3 Abrams” tankı ölkəyə çatdırılıb. Yeni tanklar Polşanın şərq istiqamətindən yarana biləcək təhdidlərə qarşı Varşavanın müdafiəsinə cavabdeh olan 1-ci Varşava Zirehli Briqadasının silahlanmasına veriləcək.

ABŞ ilə Polşa arasında 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı işğalından sonra imzalanmış hökumətlərarası müqaviləyə əsasən, ümumilikdə 250 ədəd M1A2 “SEPv3 Abrams” tankının tədarükü davam edir.

Polşa Müdafiə Nazirliyi indiyədək 182 ədəd M1A2 “SEPv3 Abrams” tankının təhvil alındığını açıqlayıb. Bundan əlavə, Polşa Quru Qoşunlarının silahlanmasında daha əvvəl təhvil alınmış 116 ədəd M1A1 FEP “Abrams” tankı da xidmət göstərir.

Polşa hökuməti müqavilə çərçivəsində qalan 68 ədəd M1A2 “SEPv3 Abrams” tankının da 2026-cı ilin sonunadək təhvil veriləcəyini gözləyir. “Abrams” tanklarının tədarükü Polşanın zirehli qoşunlarını modernləşdirmək və ölkənin şərq cinahında çəkindirmə imkanlarını artırmaq məqsədi daşıyan genişmiqyaslı müdafiə proqramının mühüm elementlərindən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa   Abrams  


Bizi "telegram"da izləyin