Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreyanın Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Təşəbbüs çərçivəsində 500 min “PUA döyüşçüsü” hazırlanacaq və hər bir hərbi qulluqçuya PUA idarəetməsi öyrədiləcək. Bununla yanaşı, on minlərlə PUA döyüş hissələri arasında paylanacaq.
Müdafiə naziri An Qyu Bek bildirib ki, 2029-cu ilədək Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun silahlanmasına ümumilikdə 60 minə yaxın PUA daxil ediləcək. Təkcə 2026-cı ildə isə 11 min PUA sisteminin qoşunlara verilməsi planlaşdırılır.
Nazirliyin məlumatına görə, PUA-lar ordunun bütün qoşun növlərində standart avadanlığa çevriləcək. An Qyu Bek bildirib ki, PUA-lar artıq yalnız ixtisaslaşmış bölmələrin istifadə etdiyi vasitə olmamalıdır. Onun sözlərinə görə, onlar hərbçilərin “ikinci şəxsi silahı” kimi universal döyüş vasitəsinə çevrilməlidir.
Bu qərar həm Cənubi, həm də Şimali Koreyanın Ukrayna və Yaxın Şərqdəki müharibələrdən əldə olunan təcrübəni nəzərə alaraq PUA imkanlarını sürətlə inkişaf etdirməsi fonunda qəbul olunub. Cənubi Koreya həmçinin PUA-ların yalnız ölkə daxilində istehsal olunan komponentlərdən hazırlanmasını planlaşdırır ki, bu da xarici təchizatçılardan asılılığı azaldacaq.
Bundan əlavə, Seul lazer və mikrodalğa silahları da daxil olmaqla PUA əleyhinə müdafiə sistemlərini genişləndirməyi, həmçinin ordunun hər bir qoşun növünə PUA-lar vasitəsilə müstəqil kəşfiyyat və dəqiq zərbə endirmək imkanı verməyi planlaşdırır.
Hərbi rəhbərlik yaxın vaxtlarda 20 mindən çox ucuz birdəfəlik PUA almağı, süni zəka əsaslı PUA sürüsü sistemlərini tətbiq etməyi və “gəzən sursat”ları silahlanmaya qəbul etməyi də nəzərdə tutur.
Müdafiə Nazirliyi mülki texnologiyaların daha sürətli tətbiqini təmin etmək və ölkənin milli pilotsuz sistemlər sənayesinin inkişafını dəstəkləmək məqsədilə satınalma qaydalarına yenidən baxacağını da açıqlayıb.
Xatırladaq ki, ötən ilin əvvəlində Ukrayna Müdafiə Nazirliyi Cənubi Koreyanın müasir döyüş meydanında PUA-ların tətbiqi sahəsində Ukraynanın təcrübəsi ilə maraqlandığını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az