Ukrayna ordusu işğal altında olan Krım yarımadasında Rusiya mövqelərinə zərbələr endirməyə davam edir. Son həftələrdə Kiyev Krımdakı və Rusiya ilə quru əlaqəsini təmin edən işğal altındakı cənub quru dəhlizində yerləşən Rusiya hərbi obyektlərinə və kritik infrastruktura qarşı zərbələrin sayını artırıb. Bu isə yeni əks-hücum əməliyyatının hazırlana biləcəyi ilə bağlı ehtimalları gücləndirib.
Ukrayna Krımı havadan vurur, qurudan da hücum edə bilərmi?
Ukrayna ordusunun uzaqmənzilli zərbə strategiyası çərçivəsində son həftələrdə Krımdakı hərbi, logistika, infrastruktur və iqtisadi hədəflərə dəfələrlə zərbələr endirilib. Lakin bu hücumlar eyni zamanda Kiyevin strateji əhəmiyyət daşıyan yarımada istiqamətində yeni əks-hücum həyata keçirmək niyyətini də göstərə bilər.
“Müharibənin Öyrənilməsi İnstitutu” (ISW) müharibə ilə bağlı son əməliyyat qiymətləndirməsində bildirib: “Ukrayna qüvvələri işğal altındakı Xerson vilayətini Krımla birləşdirən Rusiya quru rabitə xətlərini dəstəkləyən körpülərə və digər nəqliyyat infrastrukturuna sistemli şəkildə zərbələr endirməyə davam edir”.
Ukraynanın Rusiyaya məxsus nəqliyyat və dəmir yolu infrastrukturuna endirdiyi zərbələr Rusiyanın quru rabitə xətlərini pozub və Ukraynanın cənubunda işğal altında saxlanılan Xerson vilayətində Rusiya ordusunun logistikasına mənfi təsir göstərib. ISW bildirib ki, bu zərbələrin təsiri Rusiyanın “Starlink” peyk internet xidmətinə çıxışını qəfil itirməsi ilə birlikdə Ukraynanın cənubunda Rusiya qüvvələrinin mövqelərinə ciddi zərbə vurub.
Krım yarımadası Rusiyanın davam edən müharibəsində əsas əməliyyat mərkəzlərindən biridir. Müharibə faktiki olaraq 2022-ci ilin fevralında Kremlin Ukraynaya genişmiqyaslı quru hücumuna başlaması ilə yeni mərhələyə keçsə də, bir çox müşahidəçi onun başlanğıcını 2014-cü ilin fevralına aid edir. Həmin vaxt fərqləndirici nişanları olmayan və istehzalı şəkildə “balaca yaşıl adamlar” adlandırılan Rusiya hərbçiləri yarımadaya daxil olaraq mühüm obyektləri ələ keçirib və Rusiya Silahlı Qüvvələrinin müntəzəm bölmələrinin bölgəyə yerləşdirilməsinə şərait yaradıb. Bundan sonra Rusiya hakimiyyəti saxta “referendum” keçirərək Kremlin əməliyyatına formal legitimlik görüntüsü verməyə çalışıb.
2022-ci ildə genişmiqyaslı işğal başlayandan sonra Krım Rusiyanın Xerson və Zaporojye vilayətlərini ələ keçirməyə yönəlmiş cənub hücumunun əsas çıxış nöqtəsinə çevrilib. Müharibənin ilk aylarında Rusiya ordusu Rusiyadan Krımın şimalına qədər uzanan quru zolağını nəzarətə götürərək yarımada ilə quru bağlantısı yaradıb. Bundan əvvəl Krım yalnız Kerç körpüsü vasitəsilə Rusiya ilə əlaqəli idi. Həmin körpü isə dəfələrlə Ukraynanın hücumlarına məruz qalan yeganə əlaqə nöqtəsi idi.
Ukrayna daha əvvəl də Krımı geri almağa çalışıb, lakin uğur qazana bilməyib
Ukrayna dəfələrlə Krımı Rusiyadan geri alacağını bəyan edib. Lakin bunu həyata keçirmək son dərəcə çətin və mürəkkəb vəzifə hesab olunur. Moskva 2014-2022-ci illər ərzində Ukrayna ilə mümkün müharibəyə hazırlıq məqsədilə Krımda geniş istehkamlar qurub, yarımadada böyük həcmdə zenit və gəmi əleyhinə raket ehtiyatları yerləşdirib, həmçinin on minlərlə hərbçi saxlayıb.
Bununla belə, əgər Ukrayna ordusu doğrudan da Krım istiqamətində yeni əks-hücum planlaşdırırsa, bu ilk belə cəhd olmayacaq.
2023-cü ilin yayında Ukrayna qüvvələri Krımı azad etmək məqsədilə iddialı əks-hücum əməliyyatına başlayıb. Lakin Ukraynanın planları İkinci Dünya müharibəsinin başa çatmasından sonra Avropada analoqu görünməyən müdafiə xəttinə dirənib. Ukraynanın cənub istiqamətində hücum edəcəyini əvvəlcədən proqnozlaşdıran Rusiya qüvvələri kilometrlərlə uzanan müdafiə istehkamları qurub və yüz minlərlə tank əleyhinə və piyada əleyhinə mina yerləşdirib. Ukraynanın əks-hücumu başlayanda zirehli texnika Rusiya müdafiə xəttini yarıb keçə bilməyib. Müəyyən taktiki uğurlar əldə olunsa da, Ukraynanın əks-hücum əməliyyatı bir neçə həftə ərzində dayanıb.
Həmin vaxtdan etibarən Rusiya Krım üzərində nəzarətini qoruyub saxlayır. Lakin indi strateji əhəmiyyət daşıyan yarımadaya qarşı uzaqmənzilli zərbələrin yenidən intensivləşməsi Kiyevin daha bir cəhdə hazır ola biləcəyini göstərir.
Sevinc Əliyeva
Ordu.az