Gürcüstan Rusiyadan neft alışını tam dayandırıb

2026/03/1774979496.jpg
Oxunub: 658     21:54     31 Mart 2026    
Gürcüstanın yeganə neft emalı zavodu olan və “Black Sea Petroleum” özəl şirkətinə məxsus müəssisə Rusiyadan xam neft alışından tam imtina edib. Bu barədə yerli “Business Media” onlayn nəşrinə müəssisənin baş direktoru David Potsxveriya məlumat verib. O bildirib: “Biz Rusiya neftini tamamilə Türkmənistan nefti ilə əvəz etmişik, daha sonra isə xammalı Qazaxıstandan alacağıq. Bu, bizə məhsulu Avropa İttifaqına ixrac etməyə imkan verəcək”.

Gürcüstanın neft emalı zavodu Kulevi limanı ərazisində yerləşir və ötən ilin dekabrından fəaliyyət göstərir. Bu müddət ərzində müəssisə Rusiyadan 102 min ton neft alıb. Gürcüstan müxalifəti hələ ötən ilin sonunda Avropa Komissiyasına müraciət edərək “Gürcüstanın neft emalı müəssisəsinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmasının qarşısını almaq üçün tədbirlər görülməsini” xahiş etmişdi.

Göründüyü kimi, Avropa Komissiyası Gürcüstanın aidiyyəti qurumlarına xəbərdarlıq edib ki, Kulevi neft emalı zavodunun məhsulları xammalın mənbəyinin Rusiya olması səbəbindən Avropa İttifaqı ərazisinə ixrac edilə bilməz. David Potsxveriya mətbuata bildirib ki, hazırda Türkmənistan qazının Azərbaycan ərazisindən tranziti məsələsi müzakirə olunur və bu məsələ müsbət həll olunduqdan dərhal sonra zavod tam gücü ilə işləyəcək.

Hazırda söhbət ildə bir milyon ton xam neftin emalından gedir. Gözlənilir ki, bu göstərici illik “üç-dörd milyon tona” çatacaq. Gürcü şirkəti Avropa İttifaqı ölkələrinə dizel yanacağı və mazut, gələcəkdə isə benzin və aviasiya kerosini ixrac etməyi planlaşdırır. Gürcü neft emalı müəssisəsinin iqtisadi baxımdan hansı gəlir əldə edəcəyi isə illər, bəlkə də onilliklər tələb edən məsələdir.

Aydındır ki, Gürcüstan hökuməti Kulevi neft emalı zavodu məsələsində neytral mövqe tutub. Faktiki olaraq Gürcüstan neft emalı sahəsində Rusiya ilə əvvəlcədən razılaşdırılmış sazişi pozub, çünki bunu Avropa İttifaqı tələb edib. Mövcud vəziyyətdə, Rusiya üçün Avropa İttifaqının enerji bazarlarının demək olar ki, tam bağlandığı bir vaxtda illik təxminən bir milyon ton neftin zəmanətli satışının itirilməsi ciddi iqtisadi problemdir.

Lakin müqavilənin pozulmasının siyasi nəticələri daha əhəmiyyətlidir. Rusiya-Gürcüstan münasibətlərinin mürəkkəbliyinə baxmayaraq, “Gürcü Arzusu” hökuməti son illərdə Moskva ilə yalnız praktiki əlaqələri qoruyub saxlamayıb, eyni zamanda müəyyən dərəcədə onları genişləndirib. Görünür, Avropa İttifaqına qarşı durmaq imkanları artıq tükənib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin