Ordu.az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” şirkəti İndoneziya ilə yeni strateji əməkdaşlığa imza atıb.
Bu çərçivədə İndoneziya Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin nəqliyyat pilotlarının hazırlanması, hava daşımaları və əlaqə missiyalarını dəstəkləmək məqsədilə PC-24 təyyarələrinin alınmasına qərar verib.
Tədarük çərçivəsində Nazirlik tərəfindən səlahiyyət verilmiş müdafiə podratçısı “PT E-System Solutions Indonesia” ilə “Pilatus Aircraft” arasında 12 ədəd PC-24 təyyarəsi üçün rəsmi müqavilə imzalanıb. Razılaşma əlavə təyyarə seçim hüquqlarını, yerüstü dəstək avadanlıqlarını, texniki təchizatı, ehtiyat hissələrini və təlim proseslərini əhatə edir. Bundan əlavə, “Pilatus” şirkətinin İsveçrənin Ştans şəhərində yerləşən baş qərargahından təmin ediləcək texniki dəstək də paketə daxildir.
“Pilatus” şirkətinin baş direktoru Markus Buher bildirib ki, İndoneziya Müdafiə Nazirliyinin şirkətə göstərdiyi etimad yüksək qiymətləndirilir və bu proqram uzunmüddətli əməkdaşlığın başlanğıcıdır.
Təyyarə çətin şəraitdə fəaliyyət göstərə bilir
PC-24-ün istismara verilməsi ilə İndoneziya Hərbi Hava Qüvvələri çətin şəraitə malik mühitlərdə və ucqar bölgələrdə əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağı, həm logistika missiyalarını, həm də ekipaj hazırlığını gücləndirməyi planlaşdırır. Bu qərar eyni zamanda Cənub-Şərqi Asiyada çoxməqsədli təyyarələrə artan tələbat fonunda “Pilatus Aircraft” şirkətinin mövqeyini möhkəmləndirir.
PC-24-ü öz sinfinə məxsus digər təyyarələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun torpaq, çınqıl, ot və qar örtüklü hazırlıqsız uçuş zolaqlarında qalxma və enmə qabiliyyətidir. Bu xüsusiyyət bu kateqoriyaya aid reaktiv təyyarələr üçün nadir hesab olunur. Təyyarə 1000 metrdən qısa zolaqlarda fəaliyyət göstərə bilir və bu da ucqar bölgələrə çıxışı əhəmiyyətli dərəcədə genişləndirir.
Bundan əlavə, tərəflər arasında 24 ədəd PC-21 təlim təyyarəsinin tədarükünə dair Niyyət Məktubu da imzalanıb. Bu paket yerüstü təlim avadanlıqlarını, ehtiyat hissələri, yerüstü dəstək vasitələrini və texniki dəstəyi də əhatə edir.
“Pilatus” PC-21 turboprop mühərrikə malik ilkin təlim təyyarəsidir və reaktiv təlim təyyarələrinə keçid öncəsi mərhələni təmin edir. Təyyarə “Pratt & Whitney” PT6A-68B mühərriki ilə təchiz olunub, 1600 at gücünə malikdir və maksimal 685 km/saat sürətə çatır. Maksimum uçuş hündürlüyü isə 25.000 fut təşkil edir. Hazırda İsveçrə, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Sinqapur müxtəlif sayda PC-21 təlim təyyarələrindən istifadə edir.
Sevinc Əliyeva
Ordu.az