Ordu.az xəbər verir ki, bunu diaspor ermənisi iş adamı, qlobal energetika və təhlükəsizlik üzrə ekspert, iqtisadçı və yazıçı Vahan Zanoyan deyib.
Onun sözlərinə görə, “real Ermənistan” ideologiyası təkcə praqmatik, növbəti müharibədən yayınma siyasəti deyil, həm də bütün erməni xalqının kollektiv yaddaşını və şüurunu köklü şəkildə dəyişmək cəhdidir.
“Bu ideologiyaya diqqətlə baxsaq, müəyyən həqiqətlər var. Məsələn, dövlət həqiqətən də mütləq dəyərdir. Amma bu həqiqətlə başlayır və sonra elə nəticələrə gətirib çıxarır ki, onlar absurddur. Deyilir ki, dövlət vətəndir, bəli, amma yalnız dövlət vətəndir. Yəni həmin 29740,3 kvadrat kilometrdən kənarda olan heç bir tarixi və ya müasir dəyər, yaddaş, şüur və milli məsələ bu vətənlə əlaqəli deyil”, -deyə Zanoyan qeyd edib.
Zanoyan “Niyə millət, vətən və dövlət anlayışlarını ayırırlar?” sualına belə cavab verib:
“Bu gün bizim ən böyük böhranımız milli maraqların və gündəliyin dövlət maraqlarından ayrılmasıdır. Mən 35 il müxtəlif ölkələrdə təhlükəsizlik üzrə məsləhətçi olmuşam və elə bir uğurlu ölkə görməmişəm ki, orada milli maraqlar bu qədər dövlət maraqlarından ayrılmış olsun.
Dünyanın heç bir yerində belə hal yoxdur, heç bir ölkədə. Hətta Türkiyədə belə bu yoxdur.
Müharibənin qarşısını almaq ağıllı addımdır, amma bunun üçün atılmalı olan addımlardan qat-qat artıq addımlar atılır. Problem də bundadır, uzunmüddətli perspektivdə yeni təhlükələr yaranır”.
O, “Yəni güzəştlər lazım olandan artıqdır?” sualına cavab verərək deyib: “Bəli, çox daha artıqdır. Məsələn, niyə demək lazımdır ki, biz “tarixi ədalət”in arxasınca getmirik? Məndə belə təəssürat yaranır ki, bu gün İrəvanda qəbul edilən hər bir siyasət və strategiya qorxunun nəticəsidir, dövlətin uzunmüddətli gücləndirilməsi məqsədindən irəli gəlmir. Qorxu ilə ölkə idarə etmək çox təhlükəlidir”.
Alpər Mövludoğlu
Ordu.az