Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Xarici Kəşfiyyat Xidməti Milli Təhlükəsizlik Xidmətinin “himayəsindən” çıxmaq və dinləmələri müstəqil həyata keçirmək istəyir” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, layihənin müəllifi Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryandır.
KİV-in məlumatına görə, təklif olunan dəyişikliklər arasında xidmət rəhbəri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda dəyişikliklərin zəruriliyini qeyd edib və xüsusilə bildirib: “Qanuna əsasən, əməliyyat-axtarış fəaliyyəti həyata keçirmək hüququ Xidmətə də verilib.
Bir sıra əməliyyat-axtarış tədbirləri ilə yanaşı, Xidmətin rəqəmsal, o cümlədən telefon rabitəsinə nəzarət tədbirlərini həyata keçirmək hüququ da var.
Layihə ilə təklif olunur ki, qanun çərçivəsində Xidmətə rəqəmsal, o cümlədən telefon rabitəsinə nəzarət üzrə əməliyyat-axtarış tədbirlərini öz əməliyyat-texniki infrastrukturu vasitəsilə müstəqil şəkildə həyata keçirmək imkanı verilsin. Bu isə tədbirlərin operativliyini və xidmətin effektivliyini təmin edəcək”.
KİV bildirib ki, məqsəd, qeyd olunduğu kimi, Xidmət tərəfindən rəqəmsal, o cümlədən telefon rabitəsinə nəzarət üzrə əməliyyat-axtarış tədbirlərinin öz texniki imkanları ilə müstəqil icrasını qanunla dəqiq tənzimləməkdir.
“Layihənin qəbulu Milli Təhlükəsizlik Xidmətinə müraciət etmək, texniki dəstək almaq və digər təşkilati məsələlərin həlli üçün sərf olunan vaxtın azaldılmasına imkan verəcək və əməliyyat-axtarış üzrə məxfi tədbirlərin daha səmərəli və qısa müddətdə həyata keçirilməsini təmin edəcək”, - deyə layihənin əsaslandırmasında bildirilir.
Nəşr qeyd edib ki, digər dəyişikliklə Xidmətdə vəzifə tutan şəxslərə hərbi rütbələr deyil, sinif dərəcələri verilməsi təklif olunur. Bu da hərbi xidmətlə eyniləşdirməni və bundan irəli gələn anlaşılmazlıqları aradan qaldıracaq.
KİV-ə görə, ümumilikdə bu paketlə Xidmət qanunda mövcud boşluqları aradan qaldırmağı, aşkar edilmiş problemlərə hüquqi tənzimləmə verməyi və praktiki fəaliyyət zamanı yaranan və ya yarana biləcək çətinlikləri aradan qaldırmağı, həmçinin funksiyalarını lazımi şəkildə yerinə yetirməyi hədəfləyir.
Bildirilir ki, layihə dövlət büdcəsi xərclərinin artmasına səbəb olacaq və bu xərclər icra mərhələsində Xidmətə ayrılan illik büdcə çərçivəsində planlaşdırılacaq.
“Layihə Ermənistanın 2050-ci ilə qədər transformasiya strategiyasından irəli gəlir və bu strategiyanın məqsədlərindən biri dünyanın ən effektiv 10 kəşfiyyat xidmətindən birinə sahib olmaqdır”, - deyə vurğulanır.
Alpər Mövludoğlu
Ordu.az