Erməni ekspert: “Elektrik enerji sistemlərinin birləşdirilməsi bir şeyi ifadə edir: Ermənistanın netto idxalçıya çevrilməsi”

2026/03/1774717556.jpg
Oxunub: 436     15:09     01 Aprel 2026    
“Hazırda hakimiyyət Ermənistan və Türkiyənin elektrik enerji sistemlərinin birləşdirilməsi perspektivindən danışır. Hətta Türkiyə hökuməti ilə investisiya məsələlərinin müzakirəsinə də başlayıb. Bildirirlər ki, ən qısa zamanda başlamağa hazırıq”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan bildirib.

Onun sözlərinə görə, başqa şəraitdə bu təşəbbüsü bəlkə də alqışlamaq olardı.

“Məsələn, 2009-2010-cu illərdə “futbol diplomatiyası” dövründə, Türkiyədə elektrik enerjisi çatışmazlığı mövcud idi və Ermənistan bunun bir hissəsini kompensasiya etməyə hazır idi. Hər halda, həmin dövrdə həm iqtisadi, həm də təhlükəsizlik mühiti indiki reallıqlardan prinsipial şəkildə fərqli idi.

Bu gün vəziyyət keyfiyyətcə dəyişib”, - deyə Davtyan qeyd edib.

Davtyan bildirib ki, Türkiyə artıq elektrik enerjisi çatışmazlığını sürətlə aradan qaldırmaqla kifayətlənmir, həm də yaxın illərdə ixracı artırmaq, o cümlədən Cənubi Qafqaz bazarlarına çıxmaq strategiyası həyata keçirir.

“Bunun üçün xüsusilə Türkiyədə istehsal güclərinin davamlı artımını nəzərə alsaq, ilkin şərtlər mövcuddur: Akkuyu AES, Sinop və Frakiyada yeni nüvə layihələri, 750-dən çox su elektrik stansiyası və s.

Belə şəraitdə Ermənistan və Türkiyənin elektrik enerji sistemlərinin birləşdirilməsi bir şeyi ifadə edir: Ermənistanın netto idxalçıya çevrilməsi”, - deyə o vurğulayıb.

Davtyan qeyd edib ki, bu tendensiya bir sıra daxili proseslərlə daha da güclənir.

“Birincisi, İrəvanın seçimi kiçik modul reaktorunun xeyrinədir ki, bu da uzunmüddətli perspektivdə mövcud baza nüvə güclərini əvəz edərək sistemin özünü təminetmə səviyyəsini azaldacaq.

İkincisi, günəş enerjisinin sürətli və qeyri-sistemli inkişafıdır ki, onun məhdud ixrac potensialı və yüksək mövsümi asılılığı baza tələbatının sabit təminatını mümkün etmir.

Üçüncüsü, bazarın liberallaşdırılmasıdır ki, bu da xarici bazarlardan elektrik enerjisi idxalı üçün bütün şəraiti yaradır və faktiki olaraq Ermənistanın xarici asılılığını artırır.

Avropa İttifaqı da bu proseslərin maliyyə dəstəkçisi kimi çıxış edir və Ermənistan energetikasının “Rusiyadan uzaqlaşdırılması” məqsədilə zəruri vəsaitləri əsasən kreditlər formasında təqdim etməyə hazır olduğunu bildirir.

Gözlənilən nəticələr isə bunlardır: dövlət borcunun artması, enerji müstəqilliyinin kəskin azalması və yeni təhlükəsizlik risklərinin yaranması”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin