Erməni hüquq müdafiəçisindən MTX direktoruna: “Sən kimsən ki, katolikosu belə adlandırırsan, sən kimsən, hansı hüquqla?”

2026/03/1774715671.jpg
Oxunub: 404     14:53     01 Aprel 2026    
“Ktriç Nersisyanın (II Qaregin-red.) qardaşı Sovet İttifaqının DTK-sının agenti olub və bu faktı MTX ictimailəşdirib”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan jurnalistlərə qısa açıqlamasında bildirib.

Jurnalistləri sızdırılmış məlumatla bağlı açıqlama yox, daha çox Ermənistan MTX direktorunun katolikosa müraciət forması təəccübləndirib. Ermənistan MTX rəhbərinin siyasi fiqur olmadığı halda niyə katolikos barədə “Ktriç Nersisyan” ifadəsini işlətməsi ilə bağlı suala o belə cavab verib: “Necə istifadə etmişəmsə, elə”.

Ordu.az xəbər verir ki, bu qısa dialoqla bağlı “168.am” nəşri erməni hüquq müdafiəçisi Janna Aleksanyanın mövqeyini öyrənib.

Onun sözlərinə görə, parlamentdə MTX-nin gənc rəhbərinin katolikosu dünyəvi adı ilə çağırması və dövlət sistemində siyasi fiqurla qeyri-siyasi qurum rəhbəri arasında zəruri sərhədlərin olmaması ciddi problemdir.

“Məncə, Nikol Paşinyan tələb edir ki, “Ktriç Nersisyan” deyilsin. Amma hətta bunu özü tələb etməsə belə və onlar könüllü şəkildə bunu edirlərsə, onda mən MTX rəhbəri barədə nə düşünməliyəm?

Sən kimsən ki, katolikosu belə adlandırırsan, sən kimsən, hansı hüquqla? Deməli, yalnız Nikol qanundur, Nikol qanundur. Mən bu cür yanaşmanı belə görürəm, hər cür qanunsuzluğa hazır olmaq kimi görürəm.

Əgər o, katolikosla belə danışırsa, MTX rəhbəri mənim üçün sıfır dəyərindədir. Bu mühiti isə, aydındır ki, Nikol Paşinyan yaradır və belə itaətkarların olmasından məmnunluq duyur, bu itaətkarlar onun istənilən qanunsuz davranışını təkrarlayırlar”, - deyə Aleksanyan bildirib.

Qeyd edək ki, Andranik Simonyanın bəhs etdiyi sənədin ictimailəşdirilməsi Ermənistanın hakim partiyasının “Civic.am” saytının sızması nəticəsində baş vermişdi. Hələ 2025-ci ilin sonunda həmin sayt Ermənistan MTX-dən əldə etdiyi sənədi dərc edərək iddia etmişdi ki, erməni katolikosun qardaşı, arxiyepiskop Yezras Nersisyan 1980-ci illərdə sovet xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

Bununla belə, Nikol Paşinyan dövründə Ermənistan MTX direktoru vəzifəsini tutmuş Mikayel Hambardzumyan diqqətə çatdırmışdı ki, həmin sənəddə Yezras Nersisyanın imzası və ya bu faktı təsdiqləyən konkret sübut yoxdur.

O bildirib: “Sənədə əsaslanaraq deyə bilmərəm ki, bu, həqiqətən həmin şəxsin və ya başqa birinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini sübut edir. Çünki orada həmin şəxsin imzasını görmədim. Belə sənəd istənilən şəxs barədə tərtib oluna bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aleksanyan  


Bizi "telegram"da izləyin