Erməni hüquq müdafiəçisi: “Azərbaycan nə tələb edirsə, hələlik onu da əldə edir, məsələ bundan ibarətdir”

2026/03/1773948966.jpg
Oxunub: 414     14:51     27 Mart 2026    
“Paşinyanın addımı və Müstəqillik Bəyannaməsinin yeni Konstitusiyada qeyd olunmayacağı ilə bağlı açıqlaması təəccüblü deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Vardan Harutyunyan deyib.

“Bu, bir tələb idi, xarici tələb, Azərbaycandan gələn tələb idi və Nikol Paşinyan buna qarşı dura bilməzdi.

Erməni xalqının müqavimətinə gəlincə, bunun necə olacağını və hansı etirazların baş verəcəyini demək çətindir. Lakin Konstitusiyanı hakimiyyət yazır və onlar da müqavimət göstərə bilmədikləri üçün bu tələbə tabe olublar”, - deyə Harutyunyan bildirib.

O qeyd edib ki, bu, Azərbaycanın Ermənistana yönəlmiş ilk tələbi deyil, daha əvvəl də çoxsaylı tələblər olub və hakimiyyət tərəfindən yerinə yetirilib.

“Məsələn, delimitasiya və demarkasiya prosesi Tavusdan başlanmalı və davam etməli idi, lakin başladı və davam etmədi. Bütün sahələrdə geri çəkilmələr qeydə alınır, 2020-ci ilin böyük məğlubiyyətindən sonra yalnız geri çəkilmələr və güzəştlər müşahidə olunur. Azərbaycan nə tələb edirsə, hələlik onu da əldə edir, məsələ bundan ibarətdir”, - deyə Harutyunyan vurğulayıb.

Ermənistan KİV-ləri qeyd edir ki, ilkin olaraq hakim “Vətəndaş Müqaviləsi” Partiyası konstitusiya islahatları planlaşdırırdı və yeni Konstitusiya ilə bağlı hər hansı plan yox idi. Lakin 2020-ci ildə Qarabağda baş verən 44 günlük müharibədə məğlubiyyətdən sonra Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışmağa başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Ermənistan  


Bizi "telegram"da izləyin