Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Borcların “rekonstruksiyası”: Maliyyə Nazirliyi 143 milyon dolları necə gizlədir” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Ermənistanın hazırkı rəhbərlərinin bu illər ərzində topladığı böyük borclar artıq onların özləri üçün ciddi başağrısına çevrilib. Bu borcları hansı formada əsaslandırmağa çalışsalar da, alınmır. Buna görə də borcları “rekonstruksiya” etməyə qərar veriblər ki, onlar daha az görünsün.
“Maliyyə Nazirliyinin yanvarda dərc etdiyi məlumatlara görə, ötən ilin 31 dekabr tarixinə hökumətin borcu 14 milyard 40 milyon dollar təşkil edib. Eyni nazirliyin fevralda açıqladığı məlumatlara görə isə, ötən ilin 31 dekabrına qeydə alınmış 14 milyard 40 milyon dollarlıq hökumət borcu 13 milyard 897 milyon dollara düşüb.
Sanki bir “möcüzə” baş verib və sözün əsl mənasında eyni gün üzrə borc 143 milyon dollar azalıb.
Bu qədər borcun başına nə gəldiyi barədə isə heç bir izahat və ya açıqlama verilməyib.
İlk baxışdan elə görünə bilər ki, hesablamada istifadə olunan məzənnəni dəyişiblər. Amma belə deyil, məzənnə eyni qalıb. Sadəcə hökumətin borcundan kredit zəmanətlərini çıxarıblar. Əvvəllər onlar hökumət borcunun tərkibinə daxil edilirdi, indi isə çıxarılıb”, - deyə nəşr qeyd edib.
KİV bildirib ki, hökumət borcunu zəmanətlərsiz təqdim etməyə qərar veriblər.
“Halbuki zəmanətlər hökumət borclarından ciddi şəkildə fərqlənmir.
Əgər sabah hökumətin zəmanəti ilə verilmiş kreditlər geri qaytarılmasa, onları ödəmək öhdəliyi yenə də hökumətin üzərinə düşəcək.
Deməli, zəmanətlər də əslində hökumətin üzərində qalan borclardır. Sadəcə indi onlar hökumətin borc göstəricilərində görünmür. Buna görə də hökumət borcu yanvar və fevralda dərc edilmiş göstəricilərdə eyni tarix üzrə 143 milyon dollar az görünür.
Ötən ilin sonunda hökumətin verdiyi zəmanətlər 207 milyon dollar təşkil edib. Bunun 136 milyonu daxili zəmanətlər kimi hökumətin borcunda, 71 milyonu isə xarici zəmanətlər kimi Mərkəzi Bankın borcunda göstərilirdi. İndi isə hökumətin verdiyi daxili zəmanətləri hökumət borcunun göstəricilərindən çıxarıblar, halbuki onlar nə ödənilib, nə də azalıb, əksinə artıb.
Hökumətin verdiyi kredit zəmanətləri bu ilin əvvəlində demək olar ki, 222 milyon dollara çatıb. Ən böyük zəmanət “Lidian Armenia” şirkətinə verilib. Fevralın 1-nə olan məlumata görə, bu məbləğ 123 milyon dollar təşkil edib”, - deyə məqalədə bildirilib.
KİV vurğulayıb ki, əvvəllər daxili zəmanətlər şəklində verilmiş bu məbləğlər hökumətin borcunda göstərilmirdi.
“Bunun nəticəsində hökumətin borcu 14 milyard 40 milyon dollardan 13 milyard 897 milyon dollara düşmüş kimi göstərilib.
Ötən ilin sonundakı göstərici ilk baxışdan azalmış kimi görünsə də, əslində borcun həcmində heç bir dəyişiklik baş verməyib. Əksinə, bu il də hökumət borcu eyni yüksək templə artmaqda davam edib.
Təkcə yanvar ayında hökumət borcu təxminən 212 milyon dollar artıb.
Bu artım əsasən xarici borcların artırılması hesabına baş verib.
Hökumətin xarici borcu ötən ilin sonundakı 6 milyard 539 milyon dollardan bu ilin yanvar ayının sonuna 6 milyard 741 milyon dollara çatıb.
Bir ay ərzində təxminən 202 milyon dollar artım qeydə alınıb. Daxili borc isə 10 milyon dollar artıb.
Nəticədə, yanvarın 31-nə olan məlumata görə, hökumətin borcu 14 milyard 109 milyon dollar təşkil edib, lakin bu məbləğ zəmanətlərsiz hesablanıb. Zəmanətlər də daxil edilsə və ya əvvəlki metodologiya ilə hesablanarsa, borc 14 milyard 260 milyon dollar olardı ki, bu da ötən ilin sonundan 220 milyon dollar çoxdur.
Hökumət borcunun son bir ildə necə dəyişdiyini anlamaq üçün qeyd edək ki, 2025-ci ilin 31 yanvarında hökumətin borcu təxminən 12 milyard 386 milyon dollar idi.
Bir il ərzində bu borc 1 milyard 874 milyon dollar artıb.
İndi təsəvvür edin ki, hökumət borcları hansı templə artırır. Məhz buna görə də borclarla bağlı belə manipulyasiyalara əl atır.
Hakimiyyət yalnız daxili kredit zəmanətlərini öz borclarından çıxarmağa deyil, həm də dövlət borcunun ümumi göstəricisini “gizlətməyə” qərar verib. Bildiyiniz kimi, dövlət borcuna hökumətin və Mərkəzi Bankın borcları daxildir”, - deyə KİV bildirib.
Müəllif yazıb ki, əlbəttə, Mərkəzi Bankın borcları hökumətin borcları ilə müqayisə edilə bilməz, lakin onlar da bir neçə yüz milyon dollara çatır.
“Son dərc edilmiş məlumatlara görə, Mərkəzi Bankın borcu 490 milyon dollar təşkil edir. İlin əvvəlində bu borc bir qədər azalıb, hökumət borcundan fərqli olaraq.
Hökumətin və Mərkəzi Bankın borclarını, həmçinin hökumətin verdiyi zəmanətləri birlikdə hesablasaq, Ermənistanın dövlət borcu artıq 14,8 milyard dollara çatır. Bir qədər də artsa, 15 milyardı keçəcək.
Halbuki “Vətəndaş Müqaviləsi” hakimiyyətə gələndə dövlət borcu cəmi 6,7 milyard dollar idi. Yəni 8 milyard dollar artıb.
Hökumətin borcu isə 6,1 milyard dollar idi, indi isə 14,2 milyard dollara çatdırılıb.
Başqa artımlarla fəxr edirlər, amma borcun artımından danışmırlar. Halbuki onun xidmət xərcləri dövlət və büdcə üçün son dərəcə ağır yükə çevrilib. Büdcə gəlirlərinin 11 faizi, vergi gəlirlərinin isə təxminən 14 faizi yalnız hökumət borcunun faizlərinin ödənilməsinə sərf olunur.
Bunun səbəbi yalnız borcun iki dəfədən çox artırılması deyil, həm də borcun keyfiyyətinin ciddi şəkildə pisləşməsidir. İndi isə belə “fokuslarla” borcun real mənzərəsini gizlətməyə çalışırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az