Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Soros tərəfdarı Kristine Qriqoryanın rəhbərlik etdiyi Xarici Kəşfiyyat Xidməti dünən qəribə bir bəyanat yayaraq bildirib ki, başqa bir ölkədə Ermənistan vətəndaşlarına qarşı təzyiqlər göstərilir və bunun məqsədi gözlənilən seçki proseslərinə müdaxilə etməkdir.
KİV bildirib ki, “başqa ölkə” təbii ki, adını çəkməyə qorxduqları Rusiyadır.
“Orada “xüsusi xidmət orqanlarının adından müxtəlif şəxslər” çalışırlar ki, “erməni əsilli və Ermənistan vətəndaşı olan şəxsləri” seçkilərdə iştirak edən bəzi qüvvələri dəstəkləməyə sövq etsinlər. Bu dəstək isə “maliyyə və təşkilati xarakterli yardım” şəklində ifadə olunacaq.
Qeyd edək ki, hakimiyyətə yaxın təbliğat maşını da fəal şəkildə məlumatlar yayır ki, guya Rusiyadan minlərlə erməni seçkilərdən əvvəl Ermənistana gələcək və səslərini müxalifətə, xüsusilə də Samvel Karapetyanın siyasi qüvvəsinə verəcək.
Hakimiyyətə yaxın mənbəmiz bildirib ki, bu bəyanatla seçkilər ərəfəsində sorğuların nəticələri indiki kimi fəlakətli olarsa, müxalifətə qarşı addımlar üçün zəmin hazırlanır. Mənbə istisna etməyib ki, Paşinyan “Moldova ssenarisi”ni tətbiq edərək bəzi qüvvələri seçki mübarizəsindən kənarlaşdıran qanunsuz qərar qəbul edə bilər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az