Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi analitik Aram Şahnazaryan İran-İsrail-ABŞ arasında davam edən müharibə və İrandakı ümumi vəziyyətdən danışarkən bildirib.
Şahnazaryanın sözlərinə görə, Əli Xameneyinin ikinci oğlu olan 56 yaşlı Müctəba Xameneyi şiə ruhani olub, İslamın şiə məzhəbinə mənsub İranın dini iyerarxiyasında ən yüksək dərəcə, ayətullah tituluna malikdir. O, həyatı boyu dini elmlərlə məşğul olsa da, eyni zamanda böyük siyasi təsirə də malik olub.
Erməni analitikin sözlərinə görə, Müctəba Xameneyi bu illər ərzində İranın “dərin dövlət”inin ən mühüm fiqurlarından biri olub.
Erməni siyasi analitikin fikrincə, Müctəba Xameneyinin seçilməsi İran xalqı üçün çox ciddi qələbə hesab edilə bilər.
“Mesaj çox aydın idi. Xatırlayırsınızsa, müharibənin ilk günündən məqsəd bir idi: İranın siyasi və hərbi rəhbərliyini “başsız” qoymaq, bu dəfə isə ölkənin birinci şəxsi, öldürülmüş lider vasitəsilə ölkədə dağılma və hakimiyyət dəyişikliyinə nail olmaq, yaxud Trampın dediyi kimi, onun üçün “qəbul edilən” şəxsin növbəti lider olması. Bu seçim çox aydın mesaj idi ki, İran təzyiqlər qarşısında geri çəkilən ölkə deyil, İranla təhdid dili ilə danışmaq mümkün deyil. İran Venesuela kimi elə bir ölkə deyil ki, liderini oğurlayasınız və ya İranın vəziyyətində olduğu kimi lideri öldürüb ölkə rəhbərliyinə istədiyiniz şəxsi gətirəsiniz. Bu, həm də açıq mesaj idi ki, İran öz xarici siyasət kursunu davam etdirəcək və bu istiqamətdə heç bir dəyişiklik olmayacaq, İran regiondakı rolunu qoruyacaq”, - deyə Aram Şahnazaryan qeyd edib.
Erməni ictimai xadimin sözlərinə görə, hərbi aqressiyaya cavab olaraq İranın hərəkət məntiqi aydındır: bu müharibənin qiymətini yalnız ABŞ və İsrail deyil, bütün beynəlxalq ictimaiyyət ödəməlidir.
Müharibədən doğan risklər və Böyük Yaxın Şərq regionunda təhlükəsizliyin daha da sabitsizləşməsi ehtimallarından danışan erməni siyasi analitik vurğulayıb ki, fevralın 28-də başlayan hadisələr əvvəlcədən regional müharibə idi və indi də regional müharibə kimi davam edir. Hətta bəzi ekspertlər bunu faktiki olaraq Üçüncü Dünya müharibəsi hesab edirlər.
Bu kontekstdə Şahnazaryan İran müharibəsinin “odunun” şimala yayılıb-yayılmayacağı, bunun Ermənistanın təhlükəsizliyi və maraqları üçün hansı çağırışlar yaratdığı və Cənubi Qafqaz regionuna necə təsir etdiyi məsələlərindən də danışıb.
Şahnazaryanın fikrincə, İrana bu müharibədə yeni cəbhə lazım deyil.
O əlavə edib ki, regionda yeni müharibənin başlaması zaman məsələsidir, Zəngəzur istiqamətində əməliyyatlar başlayacaq.
Alpər Mövludoğlu
Ordu.az