Erməni siyasi şərhçi: “Ermənistan üçün ən vacib məsələ budur: İranın hazırkı hakimiyyəti öz mövqeyini qoruyub saxlaya biləcək, yoxsa yox?”

2026/03/1773165417.jpg
Oxunub: 372     21:53     10 Mart 2026    
“Ermənistan müxalifəti üçün seçkilərin nəticəsi baxımından ən arzuolunan variant, belə demək mümkündürsə, “Gümrü 2” ssenarisidir”.

Ordu.az xəbər verir ki, bunu Erməistanın Strateji Araşdırmalar və Təşəbbüslər Analitik Mərkəzinin rəhbəri, erməni siyasi şərhçi Hayk Xalatyan iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.

Erməni siyasi şərhçi parlament seçkiləri ərəfəsində müxalif qüvvələrin birləşmə prosesini düzgün hesab edir və qeyd edir ki, müxalifət “çox ağıllı oyun aparmalıdır”.

“Əlbəttə, müxalif qüvvələr üçün ən arzuolunan variant “Gümrü 2” ssenarisidir. Mən müsbət qiymətləndirirəm ki, belə demək mümkündürsə, birləşmə prosesi gedir. Digər tərəfdən, hansısa böyük ittifaqlara qoşula bilməyən bəzi qüvvələr anlayaraq ki, ayrı-ayrılıqda seçkiyə getsələr parlamentə düşmək üçün real imkanları yoxdur və beləliklə səsləri sadəcə dağılacaq, qərar veriblər ki, seçkilərdə iştirak etməsinlər. Bunu da müsbət qiymətləndirmək olar. Bu seçkilərin Ermənistanın daxili işlərinə açıq müdaxilə və konkret bir qüvvəyə, indiki hakimiyyətə dəstək şəraitində keçiriləcəyini nəzərə alsaq, müxalifət üzərində olan təzyiq fonunda onlar nəticə əldə etmək üçün çox ağıllı və virtuoz şəkildə hərəkət etməlidirlər”, - deyə Xalatyan qeyd edib.

Erməni analitikin fikrincə, müxalifətin qələbəsi üçün müəyyən ilkin şərtlər var.

O, ölkədə ciddi sosial-iqtisadi problemlərin mövcud olduğunu vurğulayıb və qeyd edib ki, Paşinyan hakimiyyətinin açıq şəkildə Qərbə müraciət edib “indulgensiya” almağa çalışması belə onların qələbəyə tam əmin olmadığını göstərir.

ABŞ-İsrail ittifaqının İrana qarşı başlatdığı müharibənin regiona təsirindən danışan Xalatyan qeyd edib ki, İranın imkanlarının zəifləməsi Ermənistan üçün çox mənfi nəticələr doğura bilər. Onun sözlərinə görə, İran zəiflədiyi halda regionda təsirli oyunçulardan biri zəifləyəcək.

Xalatyana görə, Ermənistan üçün ən vacib məsələ budur: İranın hazırkı hakimiyyəti öz mövqeyini qoruyub saxlaya biləcək, yoxsa yox?

Onun sözlərinə görə, İranda islam rejiminin devrilməsi halında bir neçə ssenari mümkündür.

“Daha pis ssenariyə görə, ölkədə xüsusilə kürdlərin yaşadığı bölgələrdə, Bəlucistanda separatçı hərəkatlar başlaya bilər. Digər ssenari isə nisbətən daha az pessimistdir”, - deyə Xalatyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin