Erməni deputat: “Xarici qüvvələr tərəfindən Paşinyanın istənilən qanunsuzluğuna göz yummaq üçün kart-blanş verilib”

2026/03/Ekran-1773160903.jpg
Oxunub: 390     20:39     10 Mart 2026    
Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının iclası başa çatdıqdan sonra Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan qəbul olunmuş bəyanatın mətnini oxuyub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“168.am” saytı erməni siyasətçidən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın hibrid müharibəyə qarşı mübarizə ilə bağlı məxfilikdən çıxarılmış müraciəti barədə soruşub. Sualda qeyd olunub ki, müxalifətin konsolidasiyası belə halların qarşısını ala bilərmi və əgər yaxın seçkilərdə konsolidasiya baş verməsə, ölkəni nə gözləyir?

“Proqnoz verməyi sevmirəm, xüsusilə də seçkilərə hələ aylar qalmış proqnoz etməyəcəyəm. Verə biləcəyim yeganə proqnoz, bəyanatımızda da qeyd olunduğu kimi, seçkilərdə vətəndaşların çox yüksək iştirakının son dərəcə vacib olmasıdır. Çünki bu, hakimiyyətin inzibati resurslardan istifadə etməsi və digər pozuntular vasitəsilə əldə etdiyi səslərin ümumi nəticədə payını azaldacaq”, - deyə Mamicanyan cavab verib.

Məxfilikdən çıxarılan məktub haqqında danışarkən o qeyd edib ki, həmin sənədin iki məqsədi var idi.

“Birincisi, guya xarici təsirlərdən qorunmaq üçün maliyyə ayrılacağı faktıdır. Lakin aydındır ki, mübarizənin nə vaxt təsirə qarşı tədbirdən özünün təsir vasitəsinə çevrildiyini müəyyən edən sərhəd çox incədir.

Amma ikinci səbəb o qədər də aydın deyildi və tezliklə aydın olacaq. Bu o deməkdir ki, Nikol Pashinyan seçkilərə qədər və seçki günü hansı qanunsuzluğu edərsə etsin, bütün bunlar həmişə “xarici təsirə qarşı mübarizə” pərdəsi altında təqdim ediləcək.

Ən acınacaqlısı isə odur ki, xarici qüvvələr tərəfindən sanki kart-blanş, yəni göz yummaq və hər şeyi normal qəbul etmək barədə razılıq verilib. Belə görünür ki, istənilən qanunsuzluq, istənilən antidemokratik addım, istənilən yeni müxalif düşüncəli şəxsin və ya siyasi xadimin həbs edilməsi, partiyalara və mediaya qarşı kampaniyalar guya xarici təsirə qarşı mübarizə kimi qəbul edilməyə hazırdır”, - deyə Mamicanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin