Ordu.az xəbər verir ki, bunu erməni qafqazşünas Karen İgityan deyib
O bildirib ki, hazırda İranın güclü cavab verdiyi görünür, İran ABŞ-yə və onun müttəfiqlərinə ötən yayla müqayisədə daha güclü zərbələr endirir.
“İran göstərir ki, artıq əvvəlki kimi amerikalıların zərbə endirib sonra danışıqlar aparmağa çalışmasına imkan verməyəcək. İranda başa düşdülər ki, bu taktika uğurlu ola bilməz. Əgər sən danışıqlara çağıran, güc tətbiqi ilə hədələyən, sonra zərbə endirən və ardınca yenidən danışıqlara dəvət edən bir ölkə ilə danışırsansa, bu normal nəticə verə bilməz. İran artıq çox ciddi mövqedədir və göstərir ki, bu cür davam etməyəcək. Digər tərəfdən, ABŞ və İsrailin də başqa seçimi yoxdur, çünki seçdikləri siyasi xətt üzrə məğlubiyyətə yol verə bilməzlər”, - deyə İgityan bildirib.
İgityan qeyd edib ki, həm İsrail, həm də Donald Tramp üçün bu məsələ ekzistensial xarakter daşıyır:
“Əgər Tramp özünü ən güclü prezident adlandırırsa, görürük ki, yumşaq desək, hər şey onun istədiyi kimi getmir. Ola bilsin ki, danışıqlarda müəyyən müsbət irəliləyişlər məhz Trampı zərbə endirməyə vadar edib. ABŞ köhnə dünyanın imperiyaları, məsələn, Roma İmperiyası kimi davranır: ən ağır şərtləri irəli sürür, lakin ölkə onları qəbul etsə belə, yenə də müharibə başlayır”.
O vurğulayıb ki, Tramp həm beynəlxalq, həm də ABŞ qanunlarının bir çoxunu pozur və ən azı bu vəziyyətdən qalib çıxmağa çalışır.
“Tramp hesablamalarında yanılmışdı. Məncə, onlar ilk zərbədən sonra İranın belə güclü əks-zərbə endirəcəyini təsəvvür etmirdilər və indi nə edəcəklərini düşünürlər. Əvvəlcə deyirdilər ki, rejimi dəyişmək istəyirlər, sonra isə bildirdilər ki, rejimi dəyişmək yox, sadəcə nüvə proqramını məhv etmək istəyirlər. Halbuki Trampın sözlərinə görə, həmin nüvə proqramı guya ötən il artıq məhv edilmişdi. Ümumiyyətlə, nüvə silahı təhlükəsi haqqında iddialar artıq gülünc görünür, çünki Benyamin Netanyahunun çıxışlarının xronologiyası var və o, 20 ildir eyni şeyi deyir: mane olmasaq, İran nüvə silahı yaradacaq. Biz anlayırıq ki, bu, sadəcə bəhanədir”, - deyə İgityan qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə Ermənistan üçün bir neçə təhlükə yarana bilər.
“Birincisi, əgər amerikalılar müəyyən məqsədlərinə nail olsalar və İranda destabilizasiya baş versə, nəticədə azərbaycanlılar da ayağa qalxacaq və İranla sərhəd TRIPP (Zəngəzur dəhlizi-red.) səbəbindən yox, həmin ərazidə Azərbaycanın olması səbəbindən aradan qalxacaq. Bu çox ciddi problem olacaq. İkinci variant isə budur ki, əgər İran qalib gəlsə və mövcud hakimiyyət bu çətinlikləri dəf etsə, o zaman onlar çox sərt mövqe tutacaqlar. Bu halda Ermənistan TRIPP yaratmaq və amerikalıları ölkəyə gətirmək istəyirsə, növbəti belə bir aqressiya zamanı İranın Ermənistan ərazisinə də zərbə endirə biləcəyinə hazır olmalıdır. Çünki görürük ki, İran hazırda müxtəlif ölkələrdə yalnız hərbi deyil, həm də iqtisadi əhəmiyyətli infrastrukturlara zərbələr endirir. Həmin ölkələr hərbi baxımdan iştirak etməsələr də, sadəcə ABŞ-yə öz ərazilərini təqdim ediblər. Bu məqam nəzərə alınmalıdır”, - deyə erməni qafqazşünas bildirib.
O əlavə edib ki, İranda böyük müharibə baş verəcəyi təqdirdə Ermənistana böyük qaçqın axını da ola bilər ki, bu da ciddi təhlükələr yarada bilər.
Alpər Mövludoğlu
Ordu.az