Köçəryanın ofisi cavab verir: “Bizim sorğularımız diametral olaraq əks mənzərə qeydə alıb”

2026/03/1773150242.jpg
Oxunub: 345     17:46     10 Mart 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, ikinci prezidentin rəhbərlik etdiyi siyasi qüvvə iyunda keçiriləcək seçkilərdə keçid baryerini aşmaq problemi ilə üzləşə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazıb.

“Köçıryanın başqa narahatlığı olmalıdır, növbəti parlament seçkilərində o, Daşnaksütunla birlikdə baryeri keçib parlamentə düşə biləcəkmi, yoxsa Ermənistan siyasi meydanında mövcud olan bütün müxalif resursu başqa partiyalar götürəcək? Mənim məlumatlarıma görə, onun bu problemi birmənalı şəkildə var”, - deyə Ermənistan parlamentinin sədri jurnalistlərlə söhbətində bildirib.

KİV qeyd edib ki, bu məlumatları haradan əldə etdiyini Ermənistan parlamentinin spikeri açıqlamayıb. Lakin o iddia edib ki, 2021-ci ildə Robert Köçəryana səs verənlərin böyük hissəsi iyunda keçiriləcək seçkilərdə artıq ikinci prezidenti dəstəkləməyəcək. Alen Simonyanın fikrincə, Köçəryanın seçici bazasının böyük hissəsi səsini başqa müxalif qüvvəyə verəcək.

“Yəni parlamentə keçmək problemi var, qoy bununla məşğul olsun. Mən əminəm ki, 2-3 müxalif qüvvə keçid baryerini aşa bilər. Onlardan ikisi isə açıq şəkildə ya keçməyəcək, ya da çətinliklə keçəcək. Yəni böyük bir müxalif qüvvə olacaq, bunu artıq seçki kampaniyası göstərəcək. Düşünürəm ki, ya yeni yaradılmış “Bizim Tərzimizlə” variantıdır, ya da Qaqik Tsarukyan variantıdır. Birinci müxalif qüvvə olmaq uğrunda məhz bu ikisi rəqabət aparacaq. Hər ikisi “Hayastan” blokunun seçici bazasından səs alıb və almağa davam edir. Onlar öz aralarında birinci yeri tutmaq uğrunda yarışacaqlar”, - hakim partiyanın nümayəndəsi bildirib.

Alen Simonyanın bu iddialarına cavab olaraq Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Baqrat Mikoyan “Azadlıq” radiosuna bildirib ki, onların apardıqları sorğular tam əks mənzərə göstərir.

“Biz Ermənistanda çox geniş seçmə ilə yeni sorğular keçirmişik və onlar Alen Simonyanın təqdim etdiyi mənzərənin diametral olaraq əks nəticəsini göstərib. Yerdəki real nəticəni isə 7 iyunda görəcəyik. Demək olar ki, əminəm ki, yaxın günlərdə hakimiyyət tərəfindən yönləndirilmiş müxtəlif sorğular ortaya çıxacaq, lakin reallıq tam əksidir”, - deyə Mikoyan bildirib.

Ermənistanın ikinci prezidentinin ofisinin rəhbərinin sözlərinə görə, bu gün sosioloji sorğular ictimai rəyi ölçmək vasitəsindən daha çox, ictimai rəyə təsir etmək alətinə çevrilib.

Mikoyan həmçinin bildirib ki, martın ortalarında “Hayastan” blokunun baş nazirliyə namizədi elan olunacaq.

Köçəryan son mətbuat konfransında demişdi ki, baş nazirliyə mümkün namizəd özü ola bilər, lakin yekun qərar sosioloji sorğuların nəticələrindən sonra veriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin