Erməni siyasi xadim: “Paşinyan hakimiyyətdə qalsa, həm müharibə olacaq, həm də Ermənistan olmayacaq”

2026/03/1773145359.jpg
Oxunub: 375     16:23     10 Mart 2026    
“Əgər biz ciddi siyasətdən və ya ciddi dövlət idarəçiliyindən danışırıqsa, bu gün Ermənistan hakimiyyətinin gördüyü işlər mövcud reallığa heç bir şəkildə uyğun gəlmir. Biz artıq müstəqil siyasət yürütmədiyini sübut etmiş qeyri-ciddi hakimiyyətlə üz-üzəyik”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Aram Sarkisyan İran ətrafında davam edən hərbi əməliyyatlar və Ermənistan hakimiyyətinin daxili partiya təbliğatı barədə danışarkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan bu gün nə qədər suverenlikdən danışsa və guya yeni dövlət olduqlarını bəyan etsə də, bu, heç nəyi dəyişmir, o, ölkəni müstəqil şəkildə idarə etmir.

“Əgər onlar hər gün deyirlər ki, guya biz indi dövlət oluruq, biz əksinə başa düşməliyik. Çünki dövlət 1991-ci ildə formalaşıb, yəni bu proses davamlı idi və indi bunu təkrar-təkrar qabartmağa ehtiyac yoxdur. Daha yaxşı olar ki, o, bunun necə qorunub saxlanılması və inkişaf etdirilməsi barədə danışsın.

Əgər İrana qarşı bu müharibəyə baxsaq, o hələlik gizli formada aparılır. Donald Tramp hakimiyyətə gələndə bəyan etmişdi ki, guya 8 müharibəni dayandırıb, Üçüncü Dünya müharibəsinin qarşısını alıb və “Sülh üzrə Nobel mükafatı”na layiqdir. Amma yarım il keçməmiş o, tamamilə dəyişdi”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyanın fikrincə, burada çox böyük kampaniya aparılır və Venesuela prezidenti Nikolas Maduronun Donald Trump tərəfindən “ələ keçirilməsi” və Venesuela neftinin nəzarətə götürülməsi zamanı artıq başa düşmək lazım idi ki, o, yeni bir avantüraya hazırlaşır. Onun sözlərinə görə, Tramp bununla özünü sığortalayıb ki, gərgin vəziyyətlərdə həmişə neft ehtiyatına sahib olsun.

“Məhz bundan sonra İrana qarşı hücum baş verdi. İran ilə Amerika Birləşmiş Ştatları arasında danışıqlar aparılırdı. Amma həmin danışıqların pərdəsi altında ABŞ müharibəyə hazırlaşırdısa, bu o deməkdir ki, o, elə ilk gündən müharibəyə hazırlaşıb.

Belə bir şəraitdə Ermənistan hakimiyyəti özünü tərifləməyə başlayıb, kəndləri gəzərək insanları inandırmağa çalışır ki, guya onlar sülh gətiriblər. Bu, tamamilə nonsensdir. Belə vəziyyətdə insanları bu gün belədirsə, sabah da belə olacağına inandırmağa çalışmaq, əlbəttə, böyük cinayətdir. Çünki biz İrana qarşı bu aqressiyanın necə bitəcəyini deyə bilmərik”, - deyə o vurğulayıb.

Sarkisyanın sözlərinə görə, son illərdə cəmiyyət elə bir vəziyyətə gətirilib ki, artıq bir təbəqə heç bir məsələ barədə heç nə eşitmək istəmir.

“Buna görə də Paşinyanın istifadə etdiyi primitiv üsul həmin insanlar üzərində işləyəcək. Xüsusilə də nəzərə alaq ki, Paşinyan seçkilər ərəfəsində qəfil pensiyaları 10 min dram artırmaq qərarı verdi.

Mən Nikol Paşinyana sual vermək istəyirəm: 3 ay əvvəl deyirdi ki, pensiyanı artıra bilməz. Bəs bu pul haradan çıxdı, axı bu büdcədə nəzərdə tutulmamışdı? Bu o deməkdir ki, götürdüyü 100 milyon hesabına həmin 10 min dramları ödəyəcək. Əgər Allah eləməsin o yenidən seçilsə, bu 10 min dram işləməyəcək, ən yaxşı halda 3-4 ay davam edəcək.

Əgər Nikol Paşinyan hakimiyyətdə qalsa, həm müharibə olacaq, həm də Ermənistan olmayacaq”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin