Rusiyalı ekspert: “Real Ermənistan” konsepsiyasının təşviqi vətəndaşların öz keçmişlərinin mürəkkəb çalarlarını araşdırmaq istəməməsindən qidalanır”

2026/03/1773144705.jpg
Oxunub: 314     16:13     10 Mart 2026    
“Real Ermənistan” konsepsiyasının təşviqi və tarixi yaddaşdan imtina çağırışları vətəndaşların öz keçmişlərinin mürəkkəb çalarlarını dərindən araşdırmaq istəməməsindən qidalanır. Lakin belə məsuliyyətsizlik ciddi nəticələr doğura bilər”.

Ordu.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları kafedrasının müdiri, tarix elmləri doktoru Aleksey Muravyov deyib.

Mütəxəssisin sözlərinə görə, tarixin yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələr əsassız deyil. İnsanlar müasir Livan və digər ölkələrin əraziləri ilə bağlı əsrlər boyu formalaşmış irsi dərk etməkdə çətinlik çəkirlər. Bununla belə, tarixçi vəziyyəti sadələşdirmək cəhdlərini, “gəlin hər şeyi bir kənara qoyaq və irəli gedək” yanaşmasını məsuliyyətsizliyin apofeozu adlandırıb.

O, bu yanaşmanı boşanma zamanı psixoanalitikin verdiyi “heç nə olmamış kimi yaşayın” məsləhəti ilə müqayisə edib və belə məntiqin necə olub ki, bütöv bir xalqa tətbiq oluna bildiyinə təəccübləndiyini bildirib.

Muravyov vurğulayıb ki, millətlər ağaclar kimi öz köklərindən böyüyür və tarixi rədd etməklə “istədiyin yerə getmək” mümkün olacağı düşüncəsi bir illüziyadır.

O qeyd edib: “Belə yanaşma ilə siz yalnız tarixin sizi apardığı yerə çata bilərsiniz. Ermənilər üçün isə bu, minilliklərin məsələsidir”.

Professorun fikrincə, tarixin siyasi manipulyasiyası həmişə qeyri-tarixi məqsədlərə nail olmaq, istər resursların yenidən bölüşdürülməsi, istərsə də rəqibi keçmişindən məhrum etmək üçün istifadə olunur. “Lakin daha təhlükəli olan odur ki, insanlar özləri ata-babaları ilə əlaqəni tanımağı dayandırır və “tarixləri olmayıb” fikrini qəbul etməyə hazır olurlar”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Muravyov   Ermənistan  


Bizi "telegram"da izləyin