Ermənistanın “Birliyin Qanadları” siyasi təşəbbüsünün üzvləri MN-in binası qarşısında etiraz aksiyası keçiriblər

2026/03/Ekran-1773142141.jpg
Oxunub: 296     15:27     10 Mart 2026    
Ermənistanın “Birliyin Qanadları” siyasi təşəbbüsünün üzvləri martın 10-da Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar müdafiə qurumuna mövqelərinin yaxşılaşdırılması və möhkəmləndirilməsi faktlarını, o cümlədən koordinat məlumatlarını əks etdirən sənəd təqdim ediblər.

Erməni müxalifət nümayəndəsi Narek Paronyan iddia edib: “Biz bunları Müdafiə Nazirliyinə təqdim edəcəyik. Xüsusilə Vardenis bölgəsində azərbaycanlılar irəliləyiş əldə edib, mühəndis-istehkam işləri aparıblar, minaatan və digər silah növləri üçün səngərlər qazıblar və həmin mövqelərdən regiona tam nəzarət edirlər. Bu mövqelərin qurulması və möhkəmləndirilməsi nəticəsində Vardenis bölgəsi və Zod qızıl yatağı tam şəkildə Azərbaycanın nəzarəti altındadır. Eyni şəkildə yaxınlıqdakı 8 kənd, Vardenis kəndləri, dövlətlərarası və icmalararası yollar da nəzarət altına düşür. Faktlar göstərir ki, hakimiyyət yalan danışır”

O bildirib ki, bu problemlər dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilə bilməz.

Erməni ictimai fəal onların iddialarını və sübutlarını təkzib etməyə, əks arqumentlər təqdim etməyə çağırıb. Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən həftə parlamentdə səsləndirdiyi açıqlamaları isə müxalifət nümayəndəsi faktiki əsaslandırma olmadığı üçün əsassız və inandırıcı olmayan adlandırıb. “Yeganə həll yolu hakimiyyət dəyişikliyidir”, - deyə Paronyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin