Ordu.az xəbər verir ki, bunu erməni politoloq, ABŞ-nin Lihey Universitetinin professoru Arman Qriqoryan deyib.
Onun sözlərinə görə, Tramp müharibəyə cəlb olunub və bunu bir neçə gün əvvəl Marko Rubio açıq şəkildə deyib.
“Mən hesab etmirəm ki, Ermənistan hakimiyyəti İrana açıq dəstək verməli idi, amma ən azı mədəni şəkildə başsağlığı vermək və tərəfləri sülhə çağırmaq böyük problem olmazdı. Qonşu ölkədə belə hadisələr baş verərkən Ermənistan hakimiyyətinin bu qədər laqeyd davranışını necə adlandırmaq lazım olduğunu bilmirəm. İran məktəbinə hücumu qınasaydılar, nə olacaqdı, ABŞ sanksiya tətbiq edəcəkdimi? Biz özümüzü elə vəziyyətə salmışıq ki, bu təhlükəli vəziyyətdə bu qədər müdafiəsizik və buna görə hakim “Vətəndaş Müqaviləsi Partiyası günahkardır. Onlar qərar veriblər ki, gələcəyimiz Qərbdədir, amma bunun nə demək olduğunu heç kim izah etmir. Biz təhlükəsizlik sistemimizi riskə atmışıq, əvəzində isə heç nə əldə etməmişik. Qərbdə bizi faktor hesab etmirlər”, - deyə Qriqoryan qeyd edib.
Qriqoryan bildirib ki, ABŞ əhalisinin 80%-i İrana hücuma qarşı idi.
“Ermənistan hakimiyyəti ölkəni elə vəziyyətə gətirib ki, əgər ABŞ və İsrail qalib gəlsə, Zəngəzur dəhlizi əvvəl necə planlaşdırılıbsa, elə də həyata keçiriləcək, yəni İlham Əliyevin istədiyi kimi həyata keçiriləcək. Əgər uduzsalar və İran müqavimət göstərsə, o zaman Ermənistanın İranla problemi yarana bilər”, - deyə o vurğulayıb.
Erməni politoloq deyib ki, İranın parçalanması Ermənistan üçün ekzistensial təhlükədir.
“Bu gün Ermənistan heç bir təzyiqə qarşı dura bilməz. Biz subyektliyimizi itirmişik. Bizə nə deyirlərsə onu edirik, yalnız ümid edirik ki, bizə yaxşı baxacaqlar. Hətta Ermənistan ərazisindən istifadə olunacağı ehtimalını da istisna etmirəm. Mən bilmirəm, bu vəziyyətdə Ermənistanın baş naziri olsaydım müqavimət göstərə bilərdimmi, amma bir şeyi dəqiq bilirəm, ölkəni bu vəziyyətə gətirməzdim”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az