Ordu.az xəbər verir ki, Yunanıstanın Salamis Gəmiqayırma Zavodu Fransa müdafiə naziri Katerin Votreni, Fransanın Yunanıstandakı səfiri Lorans Aueri, “Naval Group” şirkətinin baş icraçı direktoru Pyer-Erik Pommelleti və digər yüksək vəzifəli qonaqları qəbul edib.
Səfər çərçivəsində nümayəndə heyəti gəmiqayırma zavodunun infrastrukturunu, həmçinin 2023-cü ildən etibarən Yunanıstan və Fransa Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilən FDI (Belharra) freqat proqramı çərçivəsində inşa olunan blokların istehsal prosesini yerində araşdırmaq imkanı əldə edib.
“Defence Review GR” tərəfindən yayılan məlumata görə, “Salamis” Gəmiqayırma Zavodu “Naval Group” ilə aparılan əməkdaşlıq çərçivəsində beynəlxalq təchizat zəncirində səlahiyyətli subpodratçı kimi fəaliyyət göstərir.
Məlumata əsasən, “Salamis” Gəmiqayırma Zavodu indiyədək üçüncü yunan FDI freqatı olan “Formion” üçün blokları istehsal edərək təhvil verib, eyni zamanda Fransanın FDI proqramı üzrə ikinci və üçüncü gəmilər üçün blokların istehsalını tamamlayaraq “Naval Group”a çatdırıb.
Xəbərdə qeyd olunur ki, bu blokların istehsalı Fransanın qabaqcıl texnologiyalarının və ixtisaslaşmış təcrübəsinin ötürülməsi nəticəsində mümkün olub. Bu halın nümunəvi xarakter daşıdığı, həmçinin ölkədə bu sinif freqatların tam şəkildə inşa oluna bilməsi üçün sənaye potensialının mövcudluğunu nümayiş etdirdiyi vurğulanır. Bundan əlavə, 2024-cü ilin noyabr ayında Parisdə keçirilən “Euronaval” sərgisi zamanı “Naval Group” ilə yunan şirkətləri arasında 6 illik davamlı texniki dəstək (Follow-on-Support – FoS) sazişinin imzalandığı, bu razılaşmanın həm Yunanıstan, həm də Fransa Hərbi Dəniz Qüvvələri üçün FDI freqatlarını əhatə etdiyi bildirilir.
“Salamis” Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri G. Koros səfər münasibətilə verdiyi açıqlamada Fransa müdafiə nazirinin zavodu ziyarət etməsinin onlar üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, bu səfər gəmiqayırma zavodunun müdafiə sahəsində həyata keçirdiyi yüksək texnologiyalı layihələrin və milli müdafiə gəmiqayırma sənayesinin inkişafındakı rolunu bir daha nümayiş etdirib. Koros “Naval Group” kimi aparıcı xarici şirkətlərlə qurulan uzunmüddətli əməkdaşlığın zavodun strateji planlamasını və gələcəkdə üzərinə düşəcək mühüm rolu dəstəklədiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az