Paşinyanın Hərbi “Kompetensiyası”: D-30 Haubitsaları ilə 80-ci İllərin Səhifəsini “Bağlamaq”

2026/01/1769755512.jpg
Oxunub: 856     17:19     30 Yanvar 2026    
“Yanvarın 28-də ordu günü münasibətilə Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyinə baş çəkib və qərara gəlib ki, yüksək rütbəli hərbçilərə hərbi-tədris və hərbi-texniki dərslər keçmək üçün kifayət qədər biliyə malikdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hərb elmi imtahanından kəsilən”in generallara mühazirəsi, yaxud 60-cı illəri açıq saxlayaraq 80-ci illərin səhifəsini necə “bağlamaq” olar?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, üstəlik, Paşinyan belə bir məntiq irəli sürüb ki, guya general olmaq hər şeyi bilmək deməkdir.

“MN zalında olan generalların özlərini nə dərəcədə komfortlu hiss etdiklərini (daha sərt söz işlətmək istəmirik) yalnız təxmin edə bilərik. Amma gözümüzün önünə dərhal bir neçə epizod gəldi.


Birinci epizod

2018-ci ilin mayında, “məxməri inqilab” fonunda Nikol Paşinyan Baş nazir olmaq niyyətində olarkən, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Koryun Nahapetyan ona xatırlatmışdı ki, seçiləcəyi halda müharibə zamanı da ali baş komandan qismində çıxış edəcək. Deputatın sözlərinə görə, bu baxımdan həm onu, həm də Ermənistanın bir çox vətəndaşını Paşinyanın bacarığı, hazırlığı, müdafiə və təhlükəsizlik sisteminə dair bilikləri maraqlandırırdı.

“Baş nazir seçiləcəyiniz halda, xüsusən müharibə zamanı çox məsuliyyətli qərarlar qəbul etməli olacaqsınız”, - deyə Koryun Nahapetyan vurğulamış və iki konkret vəziyyəti təsvir edərək Paşinyandan soruşmuşdu ki, əgər Ermənistan üçün birbaşa təhlükə yaranarsa, hansı addımları atacaq və hərbi qarşıdurma çərçivəsində Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin istifadəsi ilə bağlı hansı hüquqi imkanları görür və s.

Budur, Baş nazir və ali baş komandan olmağa iddialı olan Paşinyanın həmin suallara cavabı:

“Mən indi, məlumat üçün deyim, hərb elmi üzrə 9-cu sinif imtahanı vermirəm və siz də istefada olan hərb elmi çavuşu deyilsiniz ki, indi məktəbdə dərs keçəsiniz. Ermənistanda institutlar var, Ermənistanda Baş Qərargah var, Müdafiə Nazirliyi var və ümumiyyətlə, Baş nazir, ali baş komandan müharibə zamanı qərarları müvafiq institutların rəyini dinləyərək qəbul edir. Çünki indi bu sualları verəndə mən sizdən havanın necə olmasından tutmuş, necə olacağına qədər və s. onlarla əlaqəli suala cavab gözləməliyəm ki, o suala cavab verim”, - deyə Paşinyan cavab vermişdi.

Təbii ki, bu cavab Respublikaçılar Partiyasından olan deputatın təəccübünə səbəb olmuşdu.

“Cənab Paşinyan, dərin təəssüf hissi ilə bildirməliyəm ki, bu halda siz nə konstitusiyanı, nə də müdafiə haqqında qanunu bilmirsiniz. Siz sadəcə olaraq ali baş komandan kimi əsas yükü və məsuliyyəti üzərinizə götürə bilməzsiniz. Çünki əsas hüquqi tənzimləmələri bilmədiyiniz halda, Baş nazir olaraq sizi həm müdafiə naziri, həm də Silahlı Qüvvələrin Baş Qərargah rəisi çaşdıra bilər. Onlar sizə bir vəziyyət təqdim edəcəklər, siz isə hansı funksiyaları yerinə yetirməli olduğunuzu bilməyəcəksiniz”, - deyə Koryun Nahapetyan etiraz etmiş və seçiləcəyi halda nə etməli olduğunu izah etmişdi.

İkinci epizod

2018-ci ilin sentyabrında “Zinuj Media”ya verdiyi müsahibədə Ermənistan MN-in informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin keçmiş rəisi Gevorq Altunyan Nikol Paşinyana xatırlatmışdı ki, həmin ilin mayında parlamentdə onun Baş nazir postuna namizədliyi müzakirə olunarkən müxaliflər Paşinyanın orduda xidmət etmədiyini, buna görə də ordunun nə olduğunu bilmədiyini və ümumiyyətlə, təhlükəsizlik məsələlərinə dərindən bələd olmadığını söyləmişdilər”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, daha sonra Altunyan sual vermişdi: “Həmin müzakirələrdən bir neçə ay keçib. İndi deyə bilərsinizmi ki, artıq ölkəmizin təhlükəsizliyi ilə bağlı və Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanının bilməli olduğu məsələlərə tam şəkildə bələdsiniz?”.

Müəllif yazıb ki, Paşinyan isə belə cavab vermişdi: “Birincisi, hesab edirəm ki, ali baş komandanın ən vacib bacarığı və xüsusiyyəti çətin və kritik anda cəmiyyəti, dövləti, xalqı və silahlı qüvvələri birləşdirmək qabiliyyəti və bacarığıdır. Tariximiz göstərib ki, dövlətimiz, silahlı qüvvələrimiz və xalqımız o zaman daha döyüşkən olur ki, milli bütün potensialı birləşdirə bilən və bu potensialı rəqibə cavab zərbəsi vurmaq üçün təşkil edə bilən ali baş komandan var”.

“Bu cavabdan da o vaxt aydın idi ki, Baş nazir olduqdan aylar sonra belə Nikol Paşinyan qanunla müəyyən edilmiş ali baş komandan səlahiyyətlərini və müharibə aparan ölkənin ali baş komandanının malik olmalı olduğu bacarıqları bilmirdi. Yəni o, mitinq aparıcısı səviyyəsindən yuxarı qalxa bilməmişdi.

Deməli, Paşinyan hələ 2018-ci ildə ali baş komandanın vəzifələri barədə yanlış təsəvvürə malik olduğunu “xəbərdarlıq” kimi bildirmişdi. Sonradan isə ali baş komandan kimi bacarıqlarına şübhə edənlərə “şşş” deyilməsinə baxmayaraq, nəticə ortadadır.

Ali baş komandan olduğu dövrdə nə baş verdiyini qısa deyək, 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti bunun sübutudur və təkcə bu da deyil.

Hələ onu demirik ki, bilməyərəkdən, yoxsa qəsdən, müharibə zamanı Nikol Paşinyan öz üzərinə ali baş komandanın malik olmadığı səlahiyyətləri götürmüşdü. Halbuki ölkədə hərbi vəziyyət elan edilmişdi və bu halda Baş Qərargah rəisi Müdafiə Nazirinə tabedir. Lakin bütün məsuliyyət Ermənistan Silahlı Qüvvələrinin üzərinə qoyuldu. Bu barədə hələ 2018-ci ilin mayında xəbərdarlıq edilmişdi.

Üçüncü epizod

Nikol Paşinyan ölkə rəhbəri kimi “Silahlanma və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı”nı və ya Silahlı Qüvvələrin inkişaf planını, onlarla tam tanış olmadan və mahiyyətini anlamadan təsdiqləyib”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, üstəlik, 2022-ci ilin sentyabrında Paşinyan parlamentdə belə demişdi: “Mənə cavab verirlər və deyirlər ki, filan proqramın filan səhifəsində dəbilqə və nəsə yazılıb. Bağışlayın, amma Baş nazir yüz səhifəlik sənədi sətir-sətir oxumağa və “ay aman, burada nə yazılıb” deməyə borclu deyil”.

KİV yazıb ki, bu epizodlara Paşinyanın silahı sursatdan fərqləndirməməsi, 2018-ci ilə qədər guya hava hücumundan müdafiə vasitələrimizin olmadığını deməsi və ya hərbi texnikanın istehsal tarixi ilə əldə edilmə tarixini eyni şey hesab etməsi də əlavə oluna bilər.

“Məsələn, “Su-30” 2019-cu ildə alınmışdırsa, hətta yeni olsa belə, bu, 80-ci illərin silahı sayılmamalıdır. Halbuki “Su-30”un ilk prototipi hələ 1988-ci ildə havaya qalxmışdı.

Doğrudur, bu müddət ərzində “Su-30” təkmilləşdirilib. Amma eyni qaydada digər silah növləri də zərurət olduqda təkmilləşdirilə bilər.

Bu kontekstdə Paşinyanın illər əvvəl səsləndirdiyi “80-ci illərin silahları səhifəsi bağlanıb” fikrini xatırladaraq qeyd edək ki, ordu günü münasibətilə MN-də hərbçilərlə görüş zamanı o, belə deyib:

“Bu təsəvvür, D-30, D-30, D-30, D-30… Amma bu təsəvvürün içərisində daim nəsə səhv var. Amma biz indi D-30-dan imtina etməmişik. Bizim dövrümüzdə ordumuz ilk dəfə zavod istehsalı olan D-30-a malikdir və bizdən əvvəl heç kim ondan atəş açmayıb. Əvvəllər ordumuzun tarixində bu məşhur və sevilən D-30-lardan heç olmasa bir dənəsi belə olmayıb ki, ilk atəş açan biz olaq. Əksinə, elə D-30-larımız olub ki, yüz faiz sonuncu atəşi biz açacağıq. O qeyri-kondision D-30-lar… bu da deyil, amma çox böyük sayda olub və siz hamınız bunu bilirsiniz. Əgər bilmirsinizsə, mən çox yaxşı bilirəm. Bunlar haqqında bizim reallığımızda danışmaq qəbul olunmamışdı. Deyirəm ki, bu gün bizdə D-30 var, biz ondan imtina etməmişik, amma D-30 elə silahlarla tamamlanıb ki…”.


Yəni 80-ci illərin səhifəsini bağladığını deyən Paşinyan əslində 60-cı illərin silahları səhifəsini bağlamayıb. Halbuki həmin silahlar 44 günlük müharibə zamanı kifayət qədər yaxşı nəticələr göstərmişdi. Üstəlik, D-30-dan Azərbaycan da istifadə edib, halbuki onun arsenalında sovet və ya Rusiya istehsalı olmayan digər artilleriya vasitələri də var idi”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, Paşinyanın bu gün ordunun zavod istehsalı D-30 haubitsalarına malik olması barədə dediklərinə gəlincə, bu, ayrıca müzakirə mövzusudur.

“Böyük ehtimalla söhbət sadəcə modernləşdirmədən gedir. Bu mövzuya ayrıca qayıdacağıq.

Yeri gəlmişkən, Paşinyan hakimiyyətinin 2019-cu ildə əldə etdiyi “Osa-AK” zenit-raket kompleksləri ilə bağlı da müxtəlif fikirlər, o cümlədən hakimiyyət dairələrindən səslənib.

Üstəlik, sorğumuza cavab olaraq Ermənistan Baş Prokurorluğu cinayət işi başlanması faktını təkzib etməyib. Amma burada da həm obyektiv, həm də subyektiv məqamlar ola bilər. Ümumiyyətlə, silahlanma ilə bağlı müzakirələr peşəkar, əsaslandırılmış şəkildə aparılmalı, siyasi mübarizə kontekstindən kənar olmalıdır. Axı söhbət ordudan və təhlükəsizlikdən gedir.

Nəhayət, müxtəlif hallarda Nikol Paşinyanın ordudakı proseslərə, 44 günlük müharibə ilə bağlı faktlara daha çox bələd olduğunu, yaxud bu məsələlər üzrə istintaq komissiyasından, istintaq və hüquq-mühafizə orqanlarından daha çox məlumata malik olduğunu deməsi də ayrıca araşdırma mövzusudur və konkret məsuliyyət tələb edir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Ordu  


Bizi "telegram"da izləyin