Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa Paşinyana qanunsuzluqlar üçün kart-blanş verməyə hazırlaşır” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Mirzoyan bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca hibrid hücumlar artacaq.
“Azadlığın düşmənləri seçkilərə 4 ay qalmış yatmırlar”, - deyə Mirzoyan qeyd edib.
KİV yazıb ki, Ermənistan xarici işlər naziri mümkün müdaxilələrə toxunub, lakin konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb.
“Onlar təbliğat və müdaxilənin qanunsuz sxemlərinə milyonlarla dollar yatırmağa hazırdırlar. Demək olar ki, limitsiz media resurslarına malikdirlər və sülh və demokratiya naminə bizim suveren seçimimizi pozmaq istəyirlər. Avtoritarizmin, qonşularla bitməyən münaqişələrin və zəif suverenliyin qaranlığını geri qaytarmaq istəyirlər. Demokratiyanı məhv etmək üçün demokratiya alətlərindən istifadə etmək niyyətindədirlər. Təbii ki, bir tərəfdən söz azadlığının və media plüralizminin qorunması, digər tərəfdən isə bədniyyətli şəxslərlə mübarizədə qətiyyət nümayiş etdirmək arasında dilemma yaranır. Amma mən buradayam ki, deyim, onlar uğur qazanmayacaqlar”, - deyə Ermənistanın XİN rəhbəri AŞPA-da bəyan edib.
“Maraqlıdır ki, AŞPA-da Moldova prezidenti Maya Sandu da çıxış edərək Gürcüstanı tənqid edib və bildirib ki, Rusiya müharibə qorxusundan silah kimi istifadə edərək Gürcüstanı yenidən öz təsir orbitinə qaytarıb. O vurğulayıb ki, Rusiya demokratiyaya qarşı müharibə aparır və indi “Ermənistan da eyni strategiyanın hədəfinə çevrilir”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, Avropa artıq uzun müddətdir ki, Ermənistanda “Moldova ssenarisi”ni tətbiq edəcəyini bəyan edib və bunun üçün heç nəyi əsirgəmir.
“Moldova Prezidentinin və Ermənistanın XİN rəhbərinin açıqlamaları, eləcə də bir gün əvvəl qəbul edilmiş AŞPA qətnaməsi göstərir ki, Rusiya ilə mübarizədə heç nədən çəkinməyəcəklər və Paşinyana istənilən qanunsuzluğu həyata keçirmək üçün kart-blanş verəcəklər”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az