Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Ng.ru” nəşri “ABŞ vitse-prezidenti hədiyyələrlə Qafqaza yollanır” sərlövhəli məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bu səfərlə bağlı məlumatlar hələ ötən ilin sonlarından dövriyyədə idi. Digər mövzularla yanaşı, gözlənildiyi kimi, Vens “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) çərçivəsində İrəvan və Bakının irəliləyişini müzakirə edəcək və mövcud problemlərin həllinə kömək göstərəcək. “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə möhtəşəm saziş imzalayacağıq, iri yarımkeçirici istehsalçılarımızla sövdələşmələr bağlayacağıq və Azərbaycana ABŞ istehsalı olan hərbi texnika, o cümlədən zirehli gödəkçələr, qayıqlar və daha çoxunu satacağıq”, - deyə Tramp bildirib.
KİV-ə görə, o, həmçinin ötən ilin avqustunda “imzalanmış” sülh sazişinə riayət olunduğuna görə Ermənistan və Azərbaycanın liderləri Nikol Paşinyana və İlham Əliyevə təşəkkür edib. “Bu amansız müharibə idi, mənim bitirdiyim səkkiz müharibədən biri idi, amma indi bizdə rifah və sülh var”, - deyə Tramp vurğulayıb.
“Xatırladaq ki, əslində 2025-ci il avqustun 8-də Paşinyan və İlham Əliyev sadəcə sülh sazişini paraflamışdılar. Üstəlik, Bakı Ermənistan konstitusiyasının preambulası dəyişdirilməyənədək İrəvanla tammiqyaslı sülh sazişi bağlamaqdan imtina edir.
Qeyd edək ki, yanvarın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Azərbaycana səfər etmişdilər. Xüsusilə, Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin müdafiə naziri Zakir Həsənovla görüşmüşdü. Nazirlik bəyan etmişdi ki, görüşdə hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində mövcud əməkdaşlıq, yeni imkanlar və onların inkişaf perspektivləri müzakirə olunub.
Xatırladaq ki, 2002-ci ildən etibarən Vaşinqton hər il “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsinin tətbiqini dayandırır. Həmin bölmə 1992-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq ABŞ hökumətinin Azərbaycana hərbi yardımını məhdudlaşdırırdı. 2021-ci ilin yanvarında, İkinci Qarabağ müharibəsinin bitməsindən bir neçə ay sonra, dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Bakıya göstərilən yardım Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar səylərinə xələl gətirməyib və gətirmir, həmçinin Ermənistan əleyhinə “aqressiya” üçün istifadə olunmayacaq. Bakı və İrəvan arasında sülh sazişi paraflanarkən Tramp 907-ci bölmənin tətbiqini dayandırdı. İndi isə İlham Əliyev ümid edir ki, ABŞ Konqresi tezliklə bu ədalətsiz və köhnəlmiş sənəddən tamamilə imtina edəcək”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, 2024-cü ildə Ermənistan və ABŞ Ermənistan-ABŞ münasibətləri çərçivəsində strateji tərəfdaşlıq barədə razılığa gəliblər, 2025-ci ilin yanvarında isə enerji təhlükəsizliyinə aid olan, lakin hərbi təhlükəsizliyi əhatə etməyən müvafiq xartiyanı imzalayıblar.
“Həmin vaxt Trampın İrəvanla maraqlanmaya biləcəyindən narahat olan erməni müxalifəti Paşinyan hökumətinin tələsdiyini iddia edirdi. Amma hadisələr tamamilə başqa cür inkişaf etdi. Son iki ildə Ermənistan və ABŞ “Metsamor” AES üçün yeni atom elektrik stansiyasının və ya yeni atom enerji blokunun tikintisini müzakirə edirlər. Eyni zamanda qeyd edək ki, Paşinyan buna baxmayaraq, oxşar danışıqları Rusiya, Fransa, Cənubi Koreya və Çin hakimiyyətləri ilə də apardığını bildirir. Məsələn, 2025-ci ilin sonunda “Rosatom” öz təkliflərini İrəvana təqdim edib və onları maliyyə və texniki baxımdan ən cəlbedici hesab edir”, - deyə nəşr bildirib.
Ermənistanın Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryanın sözlərinə görə, hər halda, Vensin Ermənistan və Azərbaycana səfəri zamanı əsas vəzifəsi “Tramp yolu” layihəsinin işə salınması olacaq.
“Bu o demək deyil ki, hər şey bir səfər çərçivəsində baş tutacaq, habelə amerikalılar Cənubi Qafqazda öz layihələrini irəli aparmaq niyyətindədirlər. ABŞ həmçinin əvvəllər əldə edilmiş razılaşmaları möhkəmləndirmək istəyir. Eyni zamanda tərəflər memorandumlar imzalaya bilərlər, lakin bunu onlar onsuz da mütəmadi edirlər. Hər hansı irəliləyiş gözləməyin. Vensin səfəri birdəfəlik addım deyil, daha geniş prosesin tərkib hissəsidir. “Tramp yolu” ilə bağlı qərar siyasi səviyyədə qəbul edilib, lakin bir çox məsələlər hələ də həllini tapmayıb. Vens məhz onların həlli üzərində çalışacaq”, - deyə İsgəndəryan “Ng.ru”ya bildirib.
Onun fikrincə, bu, Ermənistanla ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlığa da aiddir. İsgəndəryanın sözlərinə görə, İrəvan Vaşinqtonun xidmətlərindən istifadə edərək atom enerji bloku inşa etmək barədə siyasi qərar qəbul edib, lakin nəticə dünyada analoqu olmayan modul tipli atom elektrik stansiyası olmalıdır.
Alpər Mövludoğlu
Ordu.az