Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hakimiyyət Avropanın anti-Rusiya mövqeyi üzərindən “oynayır” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Sandu vurğulayıb ki, Moldova bu təzyiqə qarşı durmağa çalışan Ermənistanı və onun xalqını dəstəkləyir.
“Onun fikrini kimin soruşduğu isə ayrı mövzudur və buna qayıdacağıq. Xatırladaq ki, Avropadan ardıcıl şəkildə nəyəsə qarşı hansısa dəstəyin ifadə olunması ilə bağlı “mesajlar” gəlir, amma əslində bütün bunların bir məqsədi var: özlərinə sərf edən hakimiyyətləri qorumaq və onların seçkilərə istənilən qanunsuz vasitə ilə qatılmasına, yenidən seçilməsinə imkan yaratmaq. Lakin, təkrar edək, bu ayrıca mövzudur və yaxın zamanda ətraflı toxunacağıq.
Ötən gün isə bütün bunların “orbitində” AŞPA-da Nikol Paşinyan hökumətinin xarici işlər naziri Ararat Mirzoyan “parladı”. O, Avropa Şurasında Ermənistanın üzvlüyünün 25 illiyi münasibətilə hakimiyyətin təbliğat narrativlərini təkrarlamaqdan və açıq-aşkar yalan danışmaqdan daha yaxşı bir şey düşünə bilməyib. Məsələn, Ararat Mirzoyan AŞPA iclas zalında iştirak edənləri guya “azadlığın düşmənləri yuxuda deyil… onlar təbliğat maşınlarına və müdaxilənin qanunsuz sxemlərinə milyonlarla dollar yatırmağa hazırdırlar” kimi iddialarla qorxutmağa çalışıb.
Dayan! Hansı milyonlar, hansı sxemlər, hansı “azadlıq düşmənləri”? Hansı “demokratiyanın məhvi”? Bu, “Vətəndaş Müqaviləsi”nin seçki mitinqi deyil axı, Ararat Mirzoyan da çıxışını partiya fəalı kimi yox, xarici işlər naziri kimi edir.
Faktlar olmadan, əsaslandırma təqdim etmədən, “havada” belə çılpaq ittihamlar səsləndirmək nə adlanır, məsuliyyətsizlik, siyasi şantaj, yoxsa nə?”, - deyə nəşr bildirib.
Müəllif sual verərək bildirib: “Və bunu kim deyir? Onlarla siyasi məhbusu olan bir hakimiyyətin yüksək vəzifəli nümayəndəsi? İnsanlar söz azadlığına görə həbs edilirsə, hansı demokratiyadan söhbət gedə bilər?
Başqa sözlə, Ararat Mirzoyan uydurma təhlükə və təhdidlər təsvir etməklə sadəcə olaraq təmsil etdiyi hakimiyyətin siyasi rəqiblərə, fərqli düşüncəli şəxslərə və ən bariz şəkildə milli kilsəyə və ruhanilərə, eləcə də milli dəyərlərə qarşı həyata keçirdiyi kütləvi repressiyaları, təqibləri və təzyiqləri əsaslandırmağa çalışır.
Bəs hansı uydurma qüvvələr təhdid yaradır? Əslində hamı anlayır, bəzi Avropa İttifaqı rəsmiləri isə “işarə vurur” ki, guya Rusiya təhdid edir. Amma Ararat Mirzoyan bunu açıq şəkildə deməyə cəsarət etmədi, sadəcə qeyri-müəyyən ifadələr işlətdi.
Ümumiyyətlə, “Vətəndaş Müqaviləsi” hakimiyyətinin nümayəndəsi “milyonlar almaqdan” danışır? Axı məhz Paşinyan hökuməti Avropa İttifaqına müraciət edib və “xarici müdaxilələrə”, “hibrid təhdidlərə” qarşı mübarizə adı altında 15 milyon avro dəstək alıb. Əslində isə məqsəd seçkilər zamanı “istədiklərini etmək” idi”, - deyə məqalədə qeyd edilib.
KİV vurğulayıb ki, Ararat Mirzoyanın AŞPA-dakı çıxışı, böyük ölçüdə, onun və rəhbəri Nikol Paşinyanın qorxularını, daha doğrusu, yaxınlaşan seçkilərdə hakimiyyəti itirə biləcəklərini dərk etdikləri zaman onları bürüyən vahiməni əks etdirirdi.
“Onlar Avropanın anti-Rusiya mövqeyi üzərindən “oynayır”, Strasburqlarda, Brüssellərdə özlərini Rusiyanın və Putinin şəxsi və qatı düşmənləri kimi təqdim edir, bu əsasla maliyyə əldə edir, amma… ilk zənglə Moskvaya qaçırlar. Avropada isə bunu sakitcə dinləyirlər, çünki onlara sərf edir. Yəni, ola bilsin, özləri də bunun yalan olduğunu bilirlər, amma bu onların yalanıdır, onlara sərf edən yalandır və ona görə də guya inanırlarmış kimi davranırlar. Hətta “ruhanilərə qarşı təqib yoxdur” kimi açıq-aşkar saxtakarlığa belə inanırlarmış kimi davranırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az