Ordu.az xəbər verir ki, bunu erməni ekspert, “Ermənistan Üzümçülər İttifaqı”nın sədri Artak Sarkisyan Rusiyanın Ermənistandan ixrac olunan məhsullara tətbiq etdiyi məhdudiyyətlər və bunun bazara mümkün təsirləri barədə danışarkən deyib.
Sarkisyan bildirib ki, Rusiya bazarının Ermənistan məhsulları üçün bağlanması ölkə iqtisadiyyatı üçün son dərəcə ağır nəticələr doğura bilər.
“Rusiya bazarının Ermənistan üçün bağlanması təkcə üzümçülər sahəsini deyil, bütövlükdə ölkə iqtisadiyyatını iflic edəcək. Bu, bizim üçün ən gözlənilməz və ən təhlükəli ssenarilərdən biridir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, üzümçülük sahəsinin fəaliyyəti birbaşa emal müəssisələrinin və məhsulu qəbul edən şirkətlərin fəaliyyətindən asılıdır.
“Üzümçülük emal müəssisələri olmadan nə mövcud ola, nə də inkişaf edə bilər. Əgər birdən-birə erməni konyakı və ya şərabı üçün bazarlar bağlanarsa, üzümçü ac qalacaq. Çünki məhsulu satan şirkət onu reallaşdıra bilməsə, növbəti dəfə üzümçüdən məhsul almayacaq”, - deyə Sarkisyan bildirib.
Erməni ekspert qeyd edib ki, Ermənistan kəndlisi onsuz da çətin sosial şəraitdə yaşayır və məhsulun satışında yaranacaq bir illik problem ağır nəticələrə səbəb ola bilər.
“Bu gün Ermənistanda kəndli gündəlik qazancı ilə yaşayan insandır. Əgər bir il məhsulunu sata bilməsə, hər şey alt-üst olacaq. Bu vəziyyət bizi, üzümçüləri tamamilə gözlənilməz problemlərlə üz-üzə qoyacaq”, - deyə o bildirib.
Sarkisyan hakimiyyət nümayəndələrinin Avropa bazarlarına çıxışla bağlı açıqlamalarına da münasibət bildirib və bu bəyanatların reallıqdan uzaq olduğunu deyib.
“Avropa İttifaqı haqqında az-çox məlumatı olan hər kəs bilir ki, bu birlik fəaliyyətini uzunmüddətli planlaşdırma əsasında qurur. Avropa İttifaqı kifayət qədər özünü təmin edən iqtisadi sistemdir və ticarət əlaqələrinin böyük hissəsini öz daxilində təşkil edir. Heç kim gözlənilmədən yeni ticarət dövriyyəsi yaratmağa hazır deyil, xüsusilə də söhbət sərhədi olmayan ölkədən gedirsə”, - deyə o qeyd edib.
Sarkisyan hesab edir ki, Avropa bazarlarının Ermənistan məhsullarına ciddi ehtiyacı yoxdur və bu istiqamətdə səsləndirilən bəyanatlar daha çox siyasi xarakter daşıyır.
“Avropa İttifaqı Ermənistan məhsullarını gözləmir. Bunun üçün müəyyən standartlar mövcuddur və Ermənistan iqtisadiyyatı bu illər ərzində avrointeqrasiya istiqamətində ciddi addımlar atmayıb. İndi birdən-birə düşünmək ki, hər şey dəyişəcək və bütün qapılar açılacaq, sadəcə nağıldır”, - deyə o vurğulayıb.
Onun fikrincə, Avropa İttifaqının Ermənistanla bağlı bəyanatları daha çox geosiyasi məqsədlərə xidmət edir.
“Bizə deyirlər ki, sizi çox sevirik, sizin üçün narahatıq. Mən hesab edirəm ki, bunlar sadəcə gözoxşayan və populist bəyanatlardır. Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Qalanları isə nağıl janrındadır. Bu mənim şəxsi fikrimdir”, - deyə Sarkisyan bildirib.
“Ermənistan Üzümçülər İttifaqı”nın sədri bu il bol məhsul gözlədiklərini də qeyd edib. Onun sözlərinə görə, ixrac imkanlarının məhdudlaşması məhsulun əhəmiyyətli hissəsinin tarlalarda qalmasına səbəb ola bilər.
“Hazırda çox bol məhsul gözləyirik. Əgər emal müəssisələri məhsulun yalnız bir hissəsini qəbul etsələr və qalan hissə ixrac olunmasa, həmin məhsul xarab olacaq. Üzümçü məcbur qalıb məhsulunu aparıb tullayacaq”, - deyə o bildirib.
Sarkisyan Rusiya bazarının Ermənistan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
“Ermənistan iqtisadiyyatı hələ də tam müstəqil deyil. Rusiya bazarının bağlanması Ermənistan üçün fəlakətdir. Bu məsələ yalnız konyak, şərab və ya üzümlə bağlı deyil. Burada ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələri bir-biri ilə əlaqəlidir”, - deyə o qeyd edib.
Erməni ekspert vəziyyətin ağırlaşmaması üçün İrəvan və Moskva arasında münasibətlərin yaxın aylarda normallaşacağına ümid etdiyini bildirib.
“Çox ağır ssenarilərdən danışmaq istəmirəm. Ümid edirəm ki, diplomatiyamız kifayət qədər çevik davranacaq və ən azı avqusta qədər Rusiya ilə münasibətlər bərpa olunacaq. Arzu edirəm ki, vəziyyət o həddə çatmasın ki, üzüm tarlalarda qalsın, üzümçü isə çıxılmaz vəziyyətə düşsün. Açığı, bunun nə qədər ağır nəticələr doğura biləcəyini təsəvvür etmək belə istəmirəm”, - deyə Sarkisyan vurğulayıb.
O əlavə edib ki, bəzi üzümçülərin emal müəssisələri ilə bağladıqları müqavilələr mövcuddur və bu müqavilələr müəyyən təminat yaradır.
“Allaha şükür ki, emal müəssisələri ilə müqavilələri olan üzümçülər var. Hüquqi baxımdan həmin müqavilələr qüvvədə qalacaq və onların vəziyyəti nisbətən sabit olacaq. Amma hər hansı fors-major vəziyyət yaranarsa, hamımız çox ciddi problemlərlə üzləşəcəyik”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az