KAAN NATO ölkələrinin diqqət mərkəzinə çevrilir

2026/06/1782722749.jpg
Oxunub: 327     12:45     29 İyun 2026    
Avropada birgə həyata keçirilən müdafiə sənayesi layihələrində yaşanan problemlər fonunda Türkiyənin 5-ci nəsil KAAN qırıcısı NATO ölkələri üçün ən güclü alternativlərdən biri kimi qiymətləndirilir.

Ordu.az xəbər verir ki, son illərdə Rusiya-Ukrayna müharibəsi, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar, eləcə də genişmiqyaslı müharibə ehtimalının artması Avropa ölkələrini müdafiə imkanlarını yenidən nəzərdən keçirməyə məcbur edib.

Uzun illər ərzində rifah siyasətinə üstünlük verən və öz müdafiə potensialını ikinci plana keçirən Avropa indi yeni təhlükəsizlik reallığı ilə üz-üzə qalıb. Bu şəraitdə milyardlarla avro vəsait sərf edilən bir sıra ortaq müdafiə layihələri də ciddi çətinliklərlə qarşılaşıb.

Almaniya və Fransa birgə həyata keçirdikləri yeni nəsil qırıcı proqramını dayandırıb. Almaniyanın Hərbi Dəniz Qüvvələri üçün Niderlanddan təxminən 9 milyard avro dəyərində döyüş gəmilərinin alınmasını nəzərdə tutan layihə də uzun illər davam edən işlərə baxmayaraq nəticəsiz qalıb.

Avropa ölkələrinin silahlanmasında əsas yeri tutan “Eurofighter” qırıcıları isə 4,5-ci nəsil döyüş təyyarələri hesab olunur. Avropa ölkələrinin əsas planlarından biri 6-cı nəsil qırıcıların hazırlanması idi. Bu platformaların çoxsaylı pilotsuz sistemlərlə birlikdə fəaliyyət göstərməsi, süni zəka və şəbəkə mərkəzli döyüş imkanları ilə seçilməsi nəzərdə tutulurdu.

Lakin son müharibələr göstərib ki, belə platformaların hazırlanması uzun illər tələb edir və mövcud təhlükəsizlik şəraitində Avropanın bu qədər gözləməyə vaxtı olmaya bilər. Bu səbəbdən yeni nəsil qırıcılar hazır olana qədər keçid dövrü üçün alternativ platformaların əldə olunması məsələsi gündəmə gəlib.

Ekspertlər hesab edirlər ki, Avropa daxilində yeni ortaq qırıcı proqramının başlanması mümkündür. Lakin son illərdə ortaq layihələrdə yaşanan uğursuzluqlar, Avropa İttifaqı daxilində birlik görüntüsünün zəifləməsi və ifrat sağ siyasi qüvvələrin güclənməsi belə layihələrin reallaşmasını çətinləşdirir.

Ayrı-ayrı ölkələrin müstəqil şəkildə yeni qırıcı hazırlaması isə maliyyə imkanları, ixtisaslı kadr çatışmazlığı və siyasi fikir ayrılıqları səbəbindən mürəkkəb hesab olunur. Hazırda NATO daxilində 5-ci nəsil qırıcını səmaya qaldıra bilən yalnız iki ölkə mövcuddur: ABŞ və Türkiyə.

Son dövrlərdə Avropa ölkələrinin ABŞ ilə münasibətlərə daha ehtiyatla yanaşdığı, xüsusilə F-35 proqramı ilə bağlı narazılıqların artdığı bildirilir. F-35 qırıcılarının istismar xərcinin yüksək olması və proqram təminatının yenilənməsi zamanı yaranan problemlər bir sıra ölkələrdə narahatlıq yaradıb.

İspaniya və İsveçrə F-35 tədarükü ilə bağlı qərarlarını ləğv edib, bəzi digər Avropa ölkələri isə mövcud parklarını genişləndirməmək qərarı veriblər. Türkiyə isə milli imkanlarla hazırladığı KAAN qırıcısını sınaq uçuşuna çıxarmağa nail olub. Təyyarənin tam əməliyyat hazırlığına 2030-cu ildən sonra çatacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, Türkiyə KAAN layihəsini öz ehtiyaclarına uyğun inkişaf etdirsə də, müdafiə sənayesinin çevik istehsal imkanları sayəsində NATO və ya Avropa İttifaqına üzv ölkələrin öz radarlarını, sensorlarını və digər alt sistemlərini təyyarəyə inteqrasiya etməsi mümkündür.

Buna bənzər yanaşma daha əvvəl HÜRJET layihəsində İspaniya ilə əməkdaşlıq zamanı tətbiq olunub. İspaniyanın milli sistemləri ilə təchiz ediləcək HÜRJET-in qısa müddətdə İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil olması planlaşdırılır.

Oxşar model KAAN üçün də tətbiq olunacağı halda, Avropa ölkələri yeni təhlükəsizlik şəraitində ehtiyac duyduqları keçid dövrü qırıcısını əldə edə bilərlər.

Ekspertlərin fikrincə, Ankarada 2026-cı il iyulun 7-8-də keçiriləcək NATO Zirvəsində KAAN layihəsinin liderlərin müzakirə edəcəyi əsas mövzulardan biri olması istisna edilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin