Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyanın yenidən seçilməsi naminə Avropa saxtakarlığı” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bu sənədin Ermənistanla bağlı hissəsində son dərəcə mübahisəli ifadələr yer alır.
“Xüsusilə, Assambleya Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri arasında gərginlikdən, eləcə də “kilsənin bir neçə ruhani nümayəndəsi tərəfindən hakimiyyəti ələ keçirməyə yönəlmiş sui-qəsdlərlə” bağlı məlumatlardan narahatlığını ifadə edir.
Qətnamə AŞPA-nın rəsmi saytında dərc olunub. Sənəddə Ermənistandakı siyasi vəziyyətə və qarşıdan gələn seçkilərə də toxunulub. Bu kontekstdə ölkədə siyasi rəqiblərin həddindən artıq qütbləşməsi və etiketlənməsi vurğulanıb. Qətnamədə qeyd olunur ki, 2018-ci ildən bəri Ermənistanda keçirilmiş üç seçki pozuntusuz olub, buna görə də Assambleya dövlət vəsaitlərindən sui-istifadə və siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı qaydaların tətbiqinin vacibliyini bir daha təsdiqləyir”, - deyə nəşr bildirib.
KİV-in məlumatına görə, bu qətnaməni məhz Ermənistan hakimiyyəti təklif edib, Avropa ölkələri isə bu saxtakarlığa dəstək verərək əvvəlki seçkiləri faktiki olaraq ədalətli və şəffaf hesab edib, eyni zamanda bu günlərdə təqibə məruz qalan ruhaniləri tənqid ediblər.
“Avropanın ikili standartı məhz budur: konyuktura və siyasi məqsədəuyğunluq naminə AŞPA qanunu və ədaləti açıq şəkildə tapdalayır ki, Ermənistanda Paşinyan hakimiyyətinə kömək edə bilsin.
Belə dəstəyin əvəzində, avtoritar hakimiyyətlər adətən ağır bədəl ödəyir. Paşinyanın nə ilə ödəyəcəyi isə yaxın zamanda bəlli olacaq”, - deyə nəşr bildriib.
Alpər Mövludoğlu
Ordu.az