Zəngəzur, Qarabağ və Türk oyanışı: Azərbaycanın Rusiya ilə geosiyasi hesablaşması – Türkiyəli araşdırmaçı yazır

2026/01/1768384883.jpg
Oxunub: 596     14:32     14 Yanvar 2026    
Tarix boyu Rusiya Azərbaycan üzərində hegemonluğunu qorumaq üçün iki əsas alətə əl atıb: etnik parçalanmaları qızışdırmaq və diasporu hədəfə almaq.

Rusiyanın Yekaterinburqdakı təzyiqi: Azərbaycandan geosiyasi mesaj

2025-ci il iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində mülki bir evi hədəf alan, tammiqyaslı hərbi əməliyyat həyata keçirib. Avtomat silahlarla silahlanmış FTX əməkdaşları azərbaycanlı əsilli Səfərov ailəsinin evinə basqın ediblər. Əməliyyat zamanı Hüseyn və Ziyəddin Səfərov adlı iki qardaş öldürülüb, onlarla insan saxlanılıb. Bu əməliyyatla bağlı heç bir rəsmi açıqlama verilməyib, əməliyyatın səbəbi kimi sübut və ya məhkəmə axtarış qərarı belə təqdim olunmayıb.

Səfərov qardaşlarının məhkəmə-tibbi ekspertiza hesabatı dəhşətli mənzərə ortaya qoyub: sınmış qabırğalar, beyin qanaması və parçalanmış döş sümüyü. Açıq-aydın görünən işgəncə izlərinə baxmayaraq, Rusiya rəsmiləri ölümləri guya “ürək çatışmazlığı” kimi göstərməyə çalışıblar. Lakin Azərbaycan bu məsələdə susmayıb. Azərbaycan hökuməti FTX əməliyyatından dərhal sonra Rusiyanın səfirini XİN-ə çağırıb, mədəni proqramları dayandırıb və cavab tədbiri olaraq “Sputnik Azərbaycan”a qarşı əməliyyat keçirməyə gecikməyib. Moskva isə Azərbaycanın bu reaksiyasını “həddən artıq emosional” adlandırıb. Moskvanın laqeydliyini anlaya bilməyən Bakı üçün bu hadisə diplomatiya çərçivəsindən kənara çıxan, qəbuledilməz addım idi və xüsusilə işgəncə ilə törədilmiş soyuqqanlı qətlin gizlədilməsi mümkün deyildi.

Qənaətimizcə, baş verən bu hadisələr təkbaşına qiymətləndirilməməli, daha geniş geosiyasi dinamika kontekstində nəzərdən keçirilməlidir. Son dövrlərdə Rusiya ilə Azərbaycan arasında gərginlik getdikcə artır. Bu gün pik həddə çatan gərginlik ötən ilin son günlərində Rusiyanın bir Azərbaycan sərnişin təyyarəsini vurması ilə başlayıb, daha sonra Moskvanın Xankəndidə konsulluq açmaq tələbi ilə davam edib. Həmin konsulluğun kəşfiyyat mərkəzi olduğu artıq açıq şəkildə üzə çıxmışdı. Bakı bu istəyə müsbət yanaşmayıb. Nəticədə Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçirilən Qələbə Günü paradına qatılmamaq qərarı iki ölkə arasındakı diplomatik münasibətlərin dondurulduğunun rəsmi ifadəsi kimi şərh olunub.

Azərbaycan cəsarətli addım ataraq Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın da iştirak etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə Xankəndidə ev sahibliyi edib. Bu toplantı türk dünyasının Qarabağdakı mövcudluğunu nümayiş etdirən siyasi güc nümayişinə çevrilib. Diqqətlər indi Azərbaycanda fəaliyyət göstərən təxminən 355 rusdilli məktəbin taleyinə yönəlib və bu məktəblərin bağlanması ehtimalı ətrafında qızğın müzakirələr gedir.

Bu məktəblər zahirən təhsil müəssisələri olsa da, Azərbaycan vətəndaş cəmiyyəti və kəşfiyyat dairələri tərəfindən uzun müddətdir ikili funksiya daşıdıqları şübhəsi ilə izlənilirdi. Onların bir çoxunun Kremlin tərəfdarı olan təbliğatı yaymaq, etnik azlıqları nəzarətdə saxlamaq və gənc nəsillər arasında elita təbəqənin sədaqətini Moskva naminə formalaşdırmaq üçün Rusiya kəşfiyyat infrastrukturunun qeyri-rəsmi qolları kimi fəaliyyət göstərdiyi barədə geniş yayılmış fikir var. İddialara görə, Azərbaycan təhsil pərdəsi altında kəşfiyyat bazası kimi istifadə edildiyi sübuta yetirilən bu qurumların mərhələli şəkildə yenidən qurulması və ya bağlanması da daxil olmaqla suverenliyə dair strateji tədbirləri nəzərdən keçirir.

Şübhəsiz ki, rusların təşkil etdiyi Yekaterinburq basqını təhlükəli presedent yaradır. Rusiyanın getdikcə irqçi xarakter alan “etnik ayrı-seçkiliyə əsaslanan addımları” azərbaycanlı olmağın cinayət kimi qavranılması ideyasını yayır. Bu isə ilk belə düşmənçilik nümunəsi deyil.

Bu düşmənçiliyin köklərini anlamaq üçün uzaq keçmişə getməyə ehtiyac yoxdur. Geosiyasi dönüş nöqtəsi olan 1990-cı il 19-20 yanvar hadisələrinə qayıtmaq kifayətdir. Həmin günlərdə sovet qoşunları tanklar və zirehli maşınlarla Bakıya hücum edib. Əmr aydın idi: Azərbaycan millətçiliyini bütün vasitələrlə boğmaq.

Sovet hərbçiləri təxminən 147 azərbaycanlı mülki şəxsi qətlə yetirib, yüzlərlə insanı yaralayıb. Bu hücum sadəcə güc nümayişi deyil, bütöv bir xalqa qarşı kollektiv cəza əməliyyatı kimi qiymətləndirilib. Rusiya bu hərəkətlərinə görə heç vaxt məsuliyyət daşımayıb və təzminat ödəməkdən də imtina edib. Heç nə baş verməmiş kimi davranış sərgiləməkdə davam edib. Moskvanın nəzərində rus olmayanların həyatı dəyərsiz sayıldığından, qurbanlar yaddaşdan silinib.

Bu qəddar əməliyyata göstəriş verən, o dövrün Sovet müdafiə naziri Dmitri Yazov uzun illər Rusiya dövləti tərəfindən qorunub və mükafatlandırılıb. Bu gün belə onun adı Kremlin ətrafında “şərəflə” çəkilir.

Bu cür cinayət xarakterli əməllərə görə cəzasızlıq ənənəsi bu gün də davam edir. Yekaterinburq basqını gündəmə gəldiyi bir vaxtda, başqa bir faciə ilə bağlı yeni sənədlər də üzə çıxıb: 2024-cü il dekabrın 25-də Qroznı üzərində AZAL sərnişin təyyarəsinin vurulması və təyyarədə olan 38 nəfərin həlak olması. Rusiya ordusunun kapitanı Dmitri Palediçukun məktubu “Pantsir-S” hava hücumundan müdafiə sistemində ciddi texniki qüsurlar olmasına baxmayaraq, təyyarənin qəsdən hədəf alındığını göstərib. Səs yazıları əmrin Rusiya Müdafiə Nazirliyinə tabe olan 51-ci Hava Hücumundan Müdafiə Diviziyasından verildiyini təsdiqləyib. Daha əvvəl Suriyada xidmət etmiş Palediçuk təyyarəni dəqiq tanıya bilmədiyini və birbaşa göstəriş aldığını etiraf edib.

Azərbaycanda bir çox insan üçün bu təyyarənin ruslar tərəfindən vurulması qətiyyən təsadüf sayılmır. Yekaterinburq basqını və AZAL təyyarəsinin vurulması eyni strateji Rusiya “qırğın” düşüncə tərzini əks etdirir: Azərbaycanı cəzalandırmaq üçün zorakılıq və dezinformasiyadan istifadə etmək niyyəti.

Rusiyanın yanaşması ikitərəflidir: Azərbaycanda etnik iğtişaşları qızışdırmaq və xaricdəki Azərbaycan diasporunu qorxutmaq. Bu taktika 1999-cu ildə İkinci Çeçen müharibəsi zamanı Rusiya təhlükəsizlik səbəbi ilə 12 min Azərbaycan vətəndaşını ölkədən çıxaranda da tətbiq olunmuşdu. Məqsəd aydın idi: qorxu mühiti yaratmaq.

Bu gün həmin ssenari yenidən həyata keçirilir. Etnik qrupları hədəfə alan indiki dalğa təsadüfi deyil, Azərbaycanın dəyişən xarici siyasətinə birbaşa cavab kimi dəyərləndirilir. 2025-ci ilin martından etibarən Bakı Qərb və Türkiyə ilə münasibətlərini gücləndirib. Prezident İlham Əliyevin Moskvadakı Qələbə Günü tədbirinə qatılmaması, eyni zamanda Bakıda türk və israilli rəsmilərin iştirakı ilə üçtərəfli kəşfiyyat sammitinin keçirilməsi Kreml üçün ciddi siqnal olub. Çünki Rusiya Azərbaycan üzərindəki ənənəvi təsirini itirməkdən ehtiyatlanırdı.

Bu baxımdan Yekaterinburq əməliyyatı qabaqlayıcı zərbə, Azərbaycanın diasporu vasitəsilə cəzalandırılmasına yönəlmiş geosiyasi xəbərdarlıq kimi qəbul edilə bilər. Rusiya keçmiş sovet məkanında hökmranlığını bərpa etmək istəyir və Azərbaycanın xarici siyasətdə müstəqil mövqe tutmasına qarşı kollektiv cəza üsulu ilə Bakıya açıq mesaj göndərir: diqqətli ol.

Tarix boyu Rusiya Azərbaycanın üzərində hegemonluğunu qorumaq üçün iki vasitəyə əl atıb: etnik parçalanmaları qızışdırmaq və diasporu hədəfə almaq. Bunun mühüm nümunələrindən biri 1990-cı illərin əvvəllərində Azərbaycanın şimal bölgələrini ayıraraq Dağıstanla yanaşı Ləzgistan yaratmağı hədəfləyən SADVAL hərəkatıdır. Moskvanın dəstəyi ilə SADVAL 1994-cü ildə 27 mülki şəxsin həlak olduğu Bakı metrosundakı partlayış da daxil olmaqla terror aktları törədib.

2008-ci ildə Moskvada keçirilən konfransda Azərbaycan bölgələrinin Dağıstana birləşdirilməsi açıq şəkildə müzakirə edilib. Bu fakt bu cəhdlərin nə qədər köklü və strateji xarakter daşıdığını göstərir. Rusiya Azərbaycan kimliyini Cənubi Qafqazdakı təsirinə təhlükə kimi görməkdə davam edir.

Son təxribatlardan biri Rusiyanın Xankəndidə konsulluq açmaq planıdır. Hüquqi və diplomatik baxımdan bu addım əsassızdır. Bölgədə Rusiya vətəndaşı və ya şirkəti yoxdur, hətta Rusiya hərbçiləri də artıq ərazidən çıxarılıb. Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqda konsulluqları olduğu halda, Rusiyanın Bakıda cəmi bir nümayəndəliyi var. Bəs bunun səbəbi nədir?

Cavab geosiyasidir. Moskva diplomatiya pərdəsi altında Qarabağda varlığını yenidən bərpa etməyə çalışır. Bu, konsulluq ofisi deyil, kəşfiyyat məntəqəsidir. Bu addım Türkiyənin Şuşada konsulluq açmaq planları ilə eyni vaxta təsadüf edir. Türkiyənin yenidənqurma səyləri və Azərbaycanda çalışan Türkiyə vətəndaşları nəzərə alındıqda, bu addım qanuni və zəruri bir təşəbbüs kimi qiymətləndirilir. Buna qarşılıq, Rusiyanın niyyətləri tamamilə strateji müstəvidə dəyərləndirilir.

Qarabağ Azərbaycanın suveren ərazisidir. Hər hansı diplomatik missiyanın yaradılması mütləq şəkildə Bakının razılığını tələb edir. Qənaətimizcə, Rusiya Qarabağın artıq Cənubi Qafqazda geosiyasi alətlərindən biri olmadığı reallığını qəbul etməlidir.

Məsələni daha da mürəkkəbləşdirən başqa bir hadisə Ermənistanın Baş naziri Nikol Paşinyanın 2025-ci il iyunun 20-də Türkiyəyə etdiyi rəsmi səfərdir. Sərhədlərin bağlanmasından etibarən bir erməni liderin Türkiyə ərazisinə etdiyi ilk səfər Ankara-İrəvan münasibətlərində tarixi yumşalmaya işarə etdi. Bu inkişaf xüsusilə Azərbaycanın bunu diplomatik mexanizmlər vasitəsilə regional sülhü gücləndirmək imkanı kimi görməsi səbəbindən Moskvanın narahatlığını yəqin ki, daha da artırdı.

Zəngəzur dəhlizi, Azərbayca-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistan sərhədinin açılması bir-biri ilə sıx bağlıdır. Rusiya bu inteqrasiyadan ehtiyat edir, çünki bu proses Moskvanı regional liderlik mövqeyindən uzaqlaşdırır.

Azərbaycan tanklarla deyil, diplomatiya ilə cavab verdi. İlham Əliyevin rəhbərliyi altında Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü Azərbaycanın tək olmadığını açıq şəkildə nümayiş etdirdi. Türk dünyasından, Yaxın Şərqdən və Mərkəzi Asiyadan on ölkə iştirak etdi və əlaqələndirilmiş, vahid mövqe ortaya qoyuldu.

Bu zirvə təkcə iqtisadi forum deyildi, Yekaterinburqda baş verən zorakılığa güclü cavab və Azərbaycanın təzyiqlərlə sındırıla bilməyəcəyinə dair qəti bəyanat idi. Azərbaycan hətta Suriya lideri Əhməd əş-Şaraanı qəbul edərək enerji əməkdaşlığını müzakirə etdi və onu israilli rəsmilərlə görüşdürdü. Bu addımlar Bakının həm Qafqazda, həm də Yaxın Şərqdə artan geosiyasi təsirini göstərir.

Rusiyanın uzun illər tətbiq etdiyi məcburetmə, zorakılıq və parçalama siyasətləri getdikcə daha çox regional birlik, strategiya və əməkdaşlıqla qarşılanır. Qarabağdan gələn mesaj aydındır: Türk dünyası artıq parçalanmış deyil. Keçmişdəki müdaxilələri qəbul etməyəcək, əlaqələndirilmiş bir gücə çevrilib.

Nəticə: Gücün və torpaqların fəlsəfi anatomiyası

Bu hadisələrin daha geniş mənasını dərk etmək üçün geosiyasi düşüncənin nəzəri əsaslarına da nəzər salmaq lazımdır. “Heartland nəzəriyyəsi”ni formalaşdıran Helford Makkinder Avrasiyanın qlobal güc siyasətində strateji mərkəzi rolunu vurğulyıb. Onun fikrincə, “Heartland”a (Cənubi Qafqazın həyati qapılarından birinə) nəzarət edən dünyaya nəzarət edir. Bu mühüm bölgə üzərində nəzarətinin zəiflədiyini anlayan Rusiya çarəsizliklə reaksiya verir.

Nikolas Spaykman “Rimland nəzəriyyəsi” ilə alternativ baxış irəli sürərək, Türkiyə və Azərbaycanın yerləşdiyi sahil zolağı üzərində hakimiyyətin qlobal təsiri formalaşdırdığını iddia etdi. Azərbaycanın Türkiyə və Qərb ilə getdikcə yaxınlaşması “Rimland”ın konsolidasiyasına doğru meylin artdığını və Rusiyanın təsirinin azaldığını göstərir.

Karl Şmittin “düzən olaraq məkan” (Raumordnung) anlayışı geosiyasi məkanın heç vaxt neytral olmadığını, həmişə suveren qərarvericilər tərəfindən mübarizə, təşkilatlanma və hökmranlıq obyekti kimi formalaşdırıldığını irəli sürür. Geosiyasi qırılma xətti olan Cənubi Qafqaz artıq Rusiyanın imperiya planlarına görə deyil, əməkdaşlıq, suverenlik və inteqrasiyaya əsaslanan regional ittifaqlar vasitəsilə yenidən qurulur.

Bu baxımdan Zəngəzur dəhlizi sadəcə nəqliyyat yolu deyil, transformasiya dəhlizidir. Makkinderin keçid məntiqinə uyğun olaraq bu dəhliz Rusiyanın “Heartland” üzərindəki hökmranlığını zəiflədir, Türkiyənin “Rimland”dakı mövqeyini gücləndirir və Azərbaycanın regional arxitekturanın formalaşdırılmasında suveren rolunu möhkəmləndirir. Eyni zamanda Qarabağı türk və islam dünyasının qalan hissəsi ilə birləşdirən maddi və simvolik körpü rolunu oynayaraq Qafqazdakı məkan və iqtisadi əlaqələri yenidən formalaşdırır.

Bu səbəbdən Rusiya ilə Azərbaycan arasındakı qarşıdurma ikitərəfli münaqişədən daha artıq məna kəsb edir. Fridrix Ratselin vaxtilə “Lebensraum” adlandırdığı bu sahə sağ qalma və kimlik uğrunda siyasi mübarizənin canlı nümunəsidir. Lakin müstəmləkəçilik dövründən fərqli olaraq, Azərbaycan artıq böyük güclərin siyasətinin passiv obyekti deyil. O, öz geosiyasi taleyini yenidən müəyyən edən suveren aktor kimi qəbul edilməlidir.

Strateji baxımdan Azərbaycan yumşaq güc alətləri və ya kəşfiyyat məntəqələri kimi fəaliyyət göstərən rusdilli qurumların bağlanması və ya islahı üçün səylərini sürətləndirməlidir. Eyni zamanda Bakı hibrid təhdidlərin qarşısını almaq üçün Türkiyə, İsrail və Qərb tərəfdaşları ilə müdafiə və kəşfiyyat əlaqələrini dərinləşdirməlidir. İqtisadi müstəvidə isə Zəngəzur dəhlizini regional inteqrasiyanın nümunəsinə çevirməli, çoxmillətli investisiyaları cəlb etməli və ondan Mərkəzi Asiya və Yaxın Şərqdə ittifaqlar qurmaq üçün istifadə etməlidir.

Beləliklə, Cənubi Qafqazın gələcəyi hökmranlıqda deyil, hörmət, diplomatiya və regional qarşılıqlı asılılıq balansında gizlidir. Bu prinsip İmmanuel Kantın “Əbədi sülh” əsərində irəli sürdüyü etik baxışı əks etdirir.

Araşdırmaçı-yazar Mehmet Bildik
Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Qarabağ   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin